AZ

Baş Prokurorluq: “Milli Onkologiya Mərkəzindəki partlayışı onkoloji xəstə gətirdiyi partlayıcı vasitə ilə törədib”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprelin 30-da günorta saat 14 radələrində Milli Onkologiya Mərkəzində xəstənin ölümü, həkimin isə yaralanması ilə nəticələnmiş partlayışın təfərrüatları məlum olub. Məlum olub ki, hadisəni onkoloji xəstələrdən biri özü ilə gətirdiyi partladıcı vasitəsilə törədib.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti hadisənin detalları barədə rəsmi açıqlama yayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu onkoloji xəstə kimi qeydiyyatda olub. Məlumatda bildirilir ki, Mübariz Əliyev özü ilə gətirdiyi partlayıcı vasitəni Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partladıb.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan həkim Asif Nəsirovun isə hazırda vəziyyəti ağırdır.

“Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib. Cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub”, - deyə Baş Prokurorluğun açıqlamasında bildirilir.

Fakt üzrə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Hadisənin başvermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
14
icma.az

10Mənbələr