AZ

Sinan Yıldız: Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin intizamını, sarsılmaz qətiyyətini və cəsarətini yüksək qiymətləndiririk

Bakı, 30 aprel, AZƏRTAC

Ötən əsrin 90-cı illərinin əvvəlində xarici qüvvələrin xain dəstəyi ilə ermənilər beynəlxalq hüquqa zidd metodlardan istifadə edərək qeyri-insani qırğınlar və soyqırımları törədərək Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal etmişdilər. Təxminən 30 il davam edən bu zülm qəhrəman Azərbaycan Ordusunun, xüsusən də Xüsusi Təyinatlı Qüvvələrin döyüş meydanında nümayiş etdirdiyi üstün taktika, hər bir mənsubunun ölümün gözünə dik baxaraq göstərdiyi şücaət sayəsində başa çatdı ki, bu da Türk dünyası tarixinə dönüş nöqtələrindən biri kimi həkk olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq əlaqələr və terrorizm üzrə eksperti, ehtiyatda olan polkovnik Sinan Yıldız deyib.

Mütəxəssis bildirib ki, Şimali Kipr Türk Respublikası olaraq, dağlıq əraziyə, dəqiq zərbələrə və snayper və komando bölmələrinin koordinasiyasına əsaslanan müdafiə doktrinalarını yaxından izləyirlər. O, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Şuşada nümayiş etdirdiyi uğuru müasir müharibənin ən vacib dönüş nöqtələrindən birinə işıq saldığını vurğulayaraq həmin əməliyyatı təhlil edib: “Şuşa şəhəri strateji mövqeyinə və yüksəkliyinə görə kritik bir ərazidir. Şuşa kimi bir ərazini əlində saxlayan qüvvələr şərq-qərb və şimal-cənub nəqliyyat sistemlərinə nəzarət edə bilir, hündür ərazi isə çox uzaq məsafələrdən müşahidə aparmağa imkan verir. Şuşanı saxlamaq həm də Laçın dəhlizinə nəzarət etmək deməkdir. Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin taktiki üstünlüyünə üç əsas istiqamətdən yanaşmaq mümkündür.

Bunlardan birincisi, dərin kəşfiyyat və nəzarətdir. Düşmənin dağlıq ərazidə müdafiə planlarını əvvəlcədən deşifrə etmək yalnız əməliyyatdan əvvəl intensiv kəşfiyyat yolu ilə mümkündür. Qardaş Türkiyənin dəstəyi ilə PUA-larla təmin olunmuş Azərbaycan xüsusi təyinatlıları kiçik bölmələrlə düşmənin dərinliyində sızma və kəşfiyyat fəaliyyətlərini həyata keçirdi, ermənilərin müdafiə xətlərindəki zəif nöqtələri dəqiq müəyyən edərək gecə və duman olmasına baxmayaraq bu dəhlizlərdən uğurla istifadə etdilər. Bu, intizamlı və uğurlu planlaşdırmanın, əməliyyatdan əvvəlki intizamlı təlimin və qəhrəman şəxsi heyətin nəticəsidir.

İkincisi, düşmən dərinliklərində əməliyyatlar və kritik ərazilərin ələ keçirilməsidir. Şuşada “çətin vəziyyətlər qaydaları pozur” prinsipi ilə fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin mənsublarının əvvəlcədən keçdikləri təlimlərindən istifadə edərək strateji təpələrə gecə müşahidə cihazları və ixtisaslaşmış dırmanma texnikaları ilə sızması logistik əlaqələrin pozulmasına və nəticədə düşmən artilleriyasının zərərsizləşdirilməsinə səbəb oldu.

Üçüncüsü, sürət və hücum ruhudur. Ənənəvi ordular, ümumiyyətlə, dağlıq ərazidə yavaş hərəkət edirlər. Lakin, Azərbaycan xüsusi təyinatlıları minimal maddi-texniki resurslarla düşmən ərazisinin dərinliklərinə nüfuzetmə, taktiki hücumlar və pusqular həyata keçirdi, gözlənilməz anlarda qəfil hücumlarla digər bölmələrin yolunu açdılar. Xüsusilə, Şuşanın cənubunda aparılan dərin sızmalar, qəfil basqınlar və hücum əməliyyatları Ermənistanın ehtiyat qüvvələrini iflic vəziyyətinə saldı”.

S.Yıldızın fikrincə, xüsusi təyinatlı qüvvələrin “fədakarlıq” ruhu, fərdi təşəbbüs qabiliyyəti və komanda sədaqəti intizamlı təlimlə vəhdətdə onların ən güclü silahına çevrilir. Müharibədən əvvəl dost və qardaş ölkələrin dəstəyi ilə illərlə davam edən hazırlıq prosesi nəticəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri həm asimmetrik təsir, həm də psixoloji üstünlük əldə etmişdir. Asimmetrik təsir ondan ibarətdir ki, kiçik bir xüsusi təyinatlı qrup dəqiq kəşfiyyat və hava dəstəyi ilə düşmənin bütöv briqadasının müdafiəsini neytrallaşdıra bilir. Bu yanaşma Şuşa əməliyyatı zamanı aydın şəkildə özünü göstərib. Minimum itkilərlə nəticə əldə olunması isə yüksək intizamın və peşəkar hazırlığın göstəricisidir. Psixoloji üstünlük baxımından, Şuşanın ələ keçirilməsi qarşı tərəfin ruh yüksəkliyinə ciddi zərbə vurmuşdu. Xüsusi təyinatlıların “görünməz və səssiz zərbə” taktikası düşmənə davamlı təzyiq göstərərək daimi təhlükə hissi yaratmış və nəticədə onların müdafiə iradəsini zəiflətmişdi.

“Qısacası, Şuşa əməliyyatı müharibənin taleyini müəyyən edən strateji bir addım idi. Şuşanın ələ keçirilməsindən sonra Xankəndi-Laçın dəhlizi üzərində nəzarət quruldu və bu da Ermənistanın Qarabağdakı təchizat xəttini əhəmiyyətli dərəcədə zəiflətdi. Əsas yolların və tunellərin xüsusi təyinatlı qüvvələr tərəfindən mühafizə edilməsi əsas qoşunların təhlükəsiz irəliləməsini təmin etdi.

Şuşa təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün simvolik əhəmiyyət kəsb edir. Qələbə ölkə daxilində milli birliyi gücləndirməklə yanaşı, Xüsusi Təyinatlı Qüvvələrin bu uğuru bir çox türk bölmələrinə xüsusi təsir göstərdi.

Hər müharibənin dünya hərb tarixində onu fərqləndirən həlledici bir cəhəti var. Xüsusi Təyinatlı Qüvvələrin müharibənin gedişatını dəyişdirmək qabiliyyəti dünya müharibələri tarixində bir daha öz effektivliyini sübut etdi.

Şuşa xüsusi əməliyyatlar tarixində epik bir hekayədir. Azərbaycan Ordusunun bu uğuru bütün dünyada diqqətlə izlənilir və uğur meyarları davamlı olaraq nəzərdən keçirilir. Biz Şimali Kipr Türk Cümhuriyyəti türkləri olaraq Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin intizamını, sarsılmaz qətiyyətini və cəsarətini yüksək qiymətləndiririk.

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin yaradılması Gününü qeyd edir”, - deyən S.Yıldız işğal altındakı torpaqların azad edilməsi naminə canlarını fəda edən qəhrəman şəhidlərimizi rəhmətlə xatırlayıb, qazilərə şəfa, Azərbaycana isə əbədi qələbələr arzulayıb.

Müxbir – Göyçək Mahmudlu

Seçilən
36
1
azertag.az

2Mənbələr