Hindistanda rəqəmsal ödənişlərin sürətli yayılması ilə paralel olaraq fırıldaqçılıq halları kəskin artıb.
“BBC” xəbər verir ki, 2025-ci ildə təxminən 2,5 milyon insan müxtəlif onlayn dələduzluğun qurbanı olub və ümumi itki 2,5 milyard dollar təşkil edib. Bu rəqəm 2021-ci illə müqayisədə təxminən 4300 faiz artım deməkdir.
Mütəxəssislərin sözlərinə görə, ən geniş yayılmış üsullardan biri fişinq hücumlarıdır. Bu sxemlərdə fırıldaqçılar rəsmi qurumları təqlid edən saxta mesajlar göndərərək insanları linklərə yönləndirir və onların bank məlumatlarını ələ keçirirlər. Belə hallardan birində Pune şəhərində yaşayan bir biznes analitiki cərimə ödənişi adı ilə aldadılaraq kredit kartından minlərlə dollar itirib. Qeyd olunur ki, belə cinayətlər əsasən psixoloji manipulyasiya üzərində qurulur, insanlarda qorxu hissi yaradılır, nəticədə onlar düşünmədən hərəkət edirlər.
Artan risklər səbəbindən Hindistanın mərkəzi bankı vəziyyətə müdaxilə edərək yeni tədbirlər paketi üzərində işləyir. Bununla bağlı müəyyən təkliflər irəli sürülüb. Problemin həllinin sadəcə texniki və tənzimləyici tədbirlərlə mümkün olmadığı bildirilir. Rəqəmsal savadlılığın artırılması və ictimai maarifləndirmə kampaniyalarının genişləndirilməsi bu prosesdə həlledici rol oynayır. Bu istiqamətdə artıq müxtəlif təşəbbüslər həyata keçirilsə də, daha genişmiqyaslı tədbirlərə ehtiyac olduğu vurğulanır.
Hazırladı,
Təhminə VERDİYEVA,
“Azərbaycan”