AZ

Rusiya Sahara çöllərində yolunu necə itirdi?

Malidə toqquşmalarda itkilər Moskvanın Afrikadakı hərbi planlarını sual altına alır...

Müəlliflər: Ceykob Cuda və Polina İvanova
The Financial Times nəşri, Britaniya

Səhradan sübh çağı çıxan üsyançılar, ağır silahlanmış, motosiklet və pikaplarla hərəkət edən dəstələr Malinin şimalındakı Kidal şəhərinin tozlu küçələrinə daxil oldular. Bir neçə saat ərzində onlar bu uzaq şəhəri nəzarətdə saxlamaq tapşırığı verilmiş onlarla rusiyalı hərbiləşdirilmiş döyüşçünü seçim qarşısında qoydular. Ruslar ya təslim olmalıydılar, ya da ölməliydilər...

Qısa müddət sonra rus qüvvələri geri çəkilməyə başladı. Eyni zamanda etnik tuareq separatçıları və “Əl-Qaidə” ilə əlaqəli silahlılar həftəsonu ərzində Malinin müxtəlif şəhər və yaşayış məntəqələrinə sürətli hücumlar həyata keçirdilər. Bu ölkənin hərbi rejimi beş il əvvəl üsyançılara qarşı mübarizədə dönüş yaratmaq üçün Moskvaya üz tutmuşdu.

Lakin Kidalda alınan ağır məğlubiyyət Rusiyanın Malidə sabitlik yaratmaq qabiliyyətinin zəif olduğunu üzə çıxardı və həm Afrikadakı hərbi fəaliyyətlərinin gələcəyini, həm də paytaxt Bamako şəhərindəki Rusiyapərəst hökumətin taleyini sual altına qoydu.

“Bu, alçaldıcıdır. Bu, onların üsyançılar və cihadçılarla mübarizədə qeyri-effektiv və etibarsız olduqlarının növbəti sübutudur”, deyə Nyu-Yorkdakı Soufan Mərkəzinin analitiki Vassim Nasr vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, üç il əvvəl Kidalın geri alınması rus qüvvələrinin yeganə nəzərəçarpan uğuru olub.

“Onlar hakimiyyətin qorunmasına yardım etməkdən başqa heç nəyə nail olmayıblar”, deyə ekspert əlavə edib.

Malidə on ildən artıqdır təhlükəsizlik vəziyyəti pisləşir. Lakin “Azavadın Azadlığı Cəbhəsi” adlı tuareq separatçı qruplaşması və “Əl-Qaidə”nin qolu olan “Camaət Nüsrət əl-İslam vəl-Müslimin” təşkilatının koordinasiyalı hücumlarının miqyası və genişliyi ölkəni sarsıdıb.

Rus dilində danışan müdafiə naziri və Malidə Rusiya mövcudluğunun əsas təşəbbüskarlarından biri olan Sadio Kamara şənbə günü Bamako yaxınlığındakı Kati şəhərində yerləşən əsas hərbi komanda mərkəzinə hücum zamanı öldürülüb.

Kəşfiyyat rəhbəri Modibo Kone isə ağır yaralanıb. Onun rəhbərlik etdiyi büdcədən Rusiyanın Malidəki fəaliyyəti maliyyələşdirilirdi.

Malinin Fransa ilə münasibətləri 2021-ci il hərbi çevrilişindən sonra pisləşdikdən sonra ölkə Rusiyadan hərbi yardım istəyib. Əvvəlcə Bamako Yevgeni Priqojin tərəfindən yaradılmış “Vaqner” özəl hərbi şirkəti ilə müqavilə bağlamışdı.

Priqojinin Rusiya prezidenti Vladimir Putinə qarşı uğursuz qiyamından sonra “Vaqner” əsasən Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunan və təchiz edilən “Afrika Korpusu” ilə əvəz olundu. Bu struktur ötən ilin iyun ayında Malidə “Vaqner”in əməliyyatlarını formal olaraq öz üzərinə götürdü.

Səhranın dərinliyində yerləşən Kidal şəhəri həm strateji, həm də simvolik əhəmiyyətə malikdir. Onun üç il əvvəl geri alınması Bamako rejiminin populyarlığını əhəmiyyətli dərəcədə artırmışdı.

Hazırda isə Rusiyanın Malinin şimal-şərqində, o cümlədən Əlcəzair və Niger sərhədləri boyunca yerləşən digər hərbi məntəqələrdən də geri çəkildiyinə dair əlamətlər müşahidə olunur. Bamako isə hələ də tam təhlükəsiz deyil: “Camaət Nüsrət əl-İslam vəl-Müslimin” paytaxtın mühasirəyə alındığını elan edib və silahlıların şəhərin ucqar ərazilərində fəaliyyət göstərdiyi bildirilir.

Malidə rusiyalı hərbiləşdirilmiş qüvvələrin Kidalı tərk edərək geri çəkilməsi və bir çox malili əsgəri taleyin ümidinə buraxması ciddi narazılıq doğurub.

“Onlar malili əsgərləri siçan kimi tutulmaq üçün tərk etdilər”, deyə Bamako şəhərində Demokratiya və İdarəetmə üzrə Sahel İnstitutunun rəhbəri, keçmiş məmur Musa Kondo bildirib.

Onun sözlərinə görə, Rusiya özünü etibarlı tərəfdaş kimi təqdim etmək üçün böyük səylər göstərib, lakin bu görüntülər bu imici dağıdır.

“Necə demək olar ki, alçalmadınız? Necə demək olar ki, güclü dövlətsiniz?”, deyə Kondo vurğulayıb.

Rusiya özü də vəziyyəti anlayır və zəifləsə də hakimiyyətdə qalan rejimə dəstəyini nümayiş etdirməyə çalışır. Mali prezidenti Assimi Qoyta hücumların başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq rus zabitləri ilə birgə görüntülənib.

“Afrika Korpusu” isə sayca az olmasına baxmayaraq döyüşçülərinin ölkə boyu cəsarətlə döyüşdüyünü bildirir. Qrupla əlaqəli kanallarda üsyançıların məhv edildiyini iddia edən görüntülər və döyüş kadrları paylaşılıb.

“Bu, onların nüfuzuna ciddi zərbədir. Bu göstərir ki, ruslar məğlubedilməz deyil”, deyə Dakar şəhərində fəaliyyət göstərən keçmiş rus zabiti Sergey Yeledinov qeyd edib.

Digər tərəfdən, bəzi mənbələr Rusiyanın ciddi uğursuzluğa uğramadığını iddia edir və Kidal hadisəsini sadəcə uzaq qarnizonun geri çəkilməsi kimi qiymətləndirir.

“Afrika Korpusu” Afrikanın digər ölkələrində də yerləşdirilib və Rusiyanın qitədə təhlükəsizlik strategiyasının əsas elementlərindən biri hesab olunur. Moskva özünü Fransadan daha çevik və effektiv tərəfdaş kimi təqdim edirdi.

Lakin bir sıra səbəblər bu qüvvələrin uğur qazanmasına mane olub. Mali ərazi baxımından çox böyükdür və təxminən 2 min rusiyalı döyüşçü geniş kəşfiyyat və müşahidə imkanlarına malik deyil.

Ekspertlər bildirirlər ki, texniki çatışmazlıqlar, zəif koordinasiya və yerli ordu ilə problemlər vəziyyəti daha da çətinləşdirib. Bundan əlavə, sərt və seçimsiz zorakılıq yeni döyüşçülərin üsyançı qruplara qoşulmasına səbəb olub.

Digər problem isə idarəetmə ilə bağlıdır. Qeyd olunur ki, Moskvadan göndərilən texnika səhrə şəraitinə uyğun deyil və bəzi komandirlər şimaldakı həssas mövqelərə lazımi diqqət ayırmayıblar.

Malili zabitlər arasında da narazılıq artır. Onlar rusların koordinasiyasız hərəkət etdiyini və bəzən avadanlıqları icazəsiz götürdüyünü bildirirlər.

Analitiklər hesab edir ki, tərəflər bir-birinin imkanlarını düzgün qiymətləndirməyib. Mali Rusiyanın imkanlarını, Rusiya isə Malinin potensialını şişirdib.

Məlumata görə, 2022-ci ildən bəri Rusiyanın Malidəki mövcudluğu Bamako üçün yüz milyonlarla dollar xərcə başa gəlib.

Ekspertlər bildirirlər ki, Rusiya yaxın dövrdə strategiyasını dəyişərək birbaşa döyüşlərdən daha çox infrastrukturun və rejimin qorunmasına yönələ bilər. Bu isə onun regiondakı fəaliyyət modelinin dəyişməsi deməkdir.

Hazırda isə təşəbbüs üsyançı qrupların əlindədir və onlar yeni hücumlar planlaşdırır. Hər iki qruplaşma Rusiyanı ölkədən çıxmağa çağırıb.

Analitiklərin fikrincə, Mali Rusiyadan gözlədiyi dəstəyi tam əldə edə bilməyib və bu, regiondakı güc balansına ciddi təsir göstərir.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr