AZ

İran və Yaponiya liderləri danışdı: “Diplomatiya şərtlə mümkündür”

İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, danışıq zamanı Pezeşkian Vaşinqtonun siyasətinə toxunaraq bildirib ki, ABŞ həddindən artıq tələblərini və “təxribatçı hərəkətlərini” dayandırarsa, Tehran diplomatiyanı davam etdirməyə hazırdır.

Məlumata görə, İran prezidenti ABŞ-nin İran limanları və dəniz marşrutları ilə bağlı mövqeyini “qəbuledilməz” adlandırıb və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib.

O, həmçinin ABŞ və İsraili Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyi pozmaqda ittiham edib və İran ticarət gəmilərinə qarşı addımları “Amerika piratçılığı” kimi qiymətləndirib.

Qeyd olunub ki, Pezeşkian İranın ədalətli şərtlər daxilində diplomatik prosesə hazır olduğunu, lakin bunun üçün ABŞ-nin mövqeyində dəyişiklik olmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, Yaponiya Baş naziri Sanae Takaiçi isə ölkəsinin İranla dost və sabit münasibətlərə önəm verdiyini deyib və dialoqun regional gərginliyin azaldılmasına töhfə verə biləcəyini qeyd edib. O, həmçinin Yapon gəmisinin Hörmüz boğazından təhlükəsiz keçidinə görə İrana təşəkkür edib və digər gəmilər üçün də təhlükəsizliyin təmin olunmasını xahiş edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
5
1
redaktor.az

2Mənbələr