ABŞ Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsi 2027-ci maliyyə ili üçün Milli Təhlükəsizlik, Dövlət Departamenti və əlaqəli proqramlar üzrə təxsisatlar qanun layihəsini qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, sənəd Cənubi Qafqaz ölkələrinə, o cümlədən Ermənistana ayrılan yardımların artırılmasını nəzərdə tutur. Bildirilir ki, bu addım regionda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi, həmçinin ABŞ-ın strateji maraqlarının təmin edilməsi məqsədi daşıyır.
Qeyd olunub ki, komitə xüsusilə Ermənistan üçün Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) və Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramları çərçivəsində ayrılan vəsaitlərin artırılmasını dəstəkləyib.
Bildirilib ki, sənəddə həmçinin Trampın təşəbbüsü olan Beynəlxalq Sülh və Rifaha Doğru Yolu (TRIPP) proqramının icrasına da toxunulub. Komitə ABŞ-nin Cənubi Qafqazda davamlı sülhün təşviqi və region ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərini dəstəklədiyini vurğulayıb.
Məlumata əsasən, Dövlət katibinə TRIPP proqramı çərçivəsində ayrılan vəsaitlər və həyata keçirilən tədbirlər barədə 90 gün ərzində Konqresə ətraflı hesabat təqdim etmək tapşırılıb.
Qeyd edilib ki, hesabatda proqramın icraçı tərəfdaşları, o cümlədən investisiya maliyyələşdirilməsi ilə məşğul olan qurumlar göstərilməli, həmçinin İnkişaf Maliyyə Korporasiyası (DFC) və Ticarət və İnkişaf Agentliyi kimi federal qurumların rolu açıqlanmalıdır.
Aminə ŞAHSUVARQIZI