AZ

Bahar Muradova: Qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə dair yeni tələblər irəli sürür

Bakı, 30 aprel, AZƏRTAC

Bu gün qadınlar sosial həyatın fəal iştirakçıları olmaqla, həm də ölkənin iqtisadi inkişafına töhfə verən aktiv biznes subyektlərinin rəhbərləri kimi çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, müasir dövrdə qarşıda duran çağırışlar da kifayət qədər ciddi və çoxşaxəlidir. Rəqəmsal transformasiya, sosial münasibətlərin dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə dair yeni tələblər irəli sürür. Bu baxımdan, preventiv yanaşmanın gücləndirilməsi, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması, sosial həssas qrupların müdafiəsinin genişləndirilməsi və regionlarda imkanların artırılması qarşıdakı dövrün əsas prioritetləri kimi müəyyən edilib.

Bahar Muradova qeyd edib ki, güclü ailə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil. Qadınların tam və bərabər iştirakı olmadan inklüziv inkişaf təmin edilə bilməz. Uşaqların hüquqları və rifahı qorunmadan isə gələcəyimizi etibarlı şəkildə qurmaq mümkün deyil. Məhz buna görə də dövlət siyasətinin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır.

Müxbirlər - Aytac Haqverdiyeva, Tərgül Babayeva
Fotoqraf - Tofiq Babayev
Operator - Vüsal Tağıyev
Seçilən
26
2
azertag.az

3Mənbələr