Bakı, 30 aprel, AZƏRTAC
Kömür mədənlərində formalaşan metan emissiyalarının təxminən 89 faizi qeyri-müntəzəm hesabatlar səbəbindən BTM-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına bildirilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ember” tədqiqat təşkilatının məlumatında deyilir. Bildirilir ki, 2030-cu ilədək metan emissiyalarını 30 faiz azaltmağı hədəfləyən qlobal öhdəliyə baxmayaraq, kömür mədənlərində formalaşan emissiyalarda əhəmiyyətli azalma müşahidə olunmayıb. Qlobal miqyasda emissiyalar durğun qalıb və azaldıcı hədəflərə çata bilmir. Kömür mədənlərində metan emissiyaları əsasən rəsmi məlumatlarda öz əksini tapmır və bu da mövcud azaldıcı texnologiyaların tətbiqini ləngidir.
Hesabatda qeyd olunur ki, 2023-cü ildə kömür mədənləri təxminən 34,7 milyon ton metan emissiyası yaradıb, bu da neft və təbii qaz sektorlarında formalaşan emissiyalarla müqayisəedilən səviyyədir. Kömür mədənlərində metan emissiyalarının böyük bir hissəsi az sayda ölkədə formalaşır.
Qeyd olunur ki, kömür mədənlərində metan emissiyalarının azaldılması qısa müddətdə əhəmiyyətli iqlim qazancları gətirə bilər. Lakin buna baxmayaraq, hesabatların az verilməsi bu fürsətin həqiqi miqyasını gizlədir. Nəticələr göstərir ki, ən çox emissiya edən 9 ölkədən 6-sı qeyri-müntəzəm məlumatlar açıqlayır. Bu isə mövcud emissiyaların tam başa düşülməməsinə və azaldıcı texnologiyaların yavaş tətbiqinə gətirib çıxarır. Mövcud texnologiyalarla kömür mədənlərində metan emissiyalarını 54-63 faiz azaltmaq mümkündür. Bu azalmanın təxminən 12 faizi isə heç bir xərc çəkilmədən təmin edilə bilər.