AZ

Niderland “ağıllanır” - Bakının SƏRT təpkisi nəticə verir

Ötən həftə Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşlərdə aprelin 16-da Niderland Parlamenti tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədə qarşı kəskin etiraz ifadə edilib. Sənədin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib olunduğu, bu qurum daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb. Parlament qərarlarında yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib. Milli Məclis də Niderlandın ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib. Dünən isə məlum olub ki, Niderland Azərbaycanla siyasi məsləhətləşmələr keçirilməsini planlaşdırır.

Azərbaycan“Trend”in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq Bakıda “Kral günü” münasibətilə keçirilən brifinqdə bildirib. “Hazırda onların keçirilməsi üçün tarix seçirik. Ehtimal olunur ki, məsləhətləşmələr yaydan sonra baş tutacaq, lakin yekun tarix hələ təsdiqlənməyib. Bu, çox yaxşı siqnaldır və ölkələrimiz arasında əvvəlki məsləhətləşmələrin məntiqi davamıdır. Bu dəfə görüş Haaqada keçiriləcək”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, iki ölkənin Xarici İşlər nazirlikləri də sıx əlaqələri davam etdirir. “İşçi səviyyəsində Haaqadakı Azərbaycan səfiri ilə sıx əməkdaşlıq mövcuddur. Bundan əlavə, nazirlik səviyyəsində də aktiv təmaslar davam edir”, – deyə Mariann de Yonq vurğulayıb.

Azərbaycan–Niderland münasibətlərində siyasi dialoqun davam etdirilməsi iki ölkə arasında münasibətlərin sabit və institusional xarakter daşıdığını göstərir. Haaqada planlaşdırılan məsləhətləşmələr, təkcə diplomatik protokol görüşü deyil, həm də qarşılıqlı maraq doğuran məsələlərin – iqtisadi əməkdaşlıq, enerji, Avropa İttifaqı ilə əlaqələr və regional təhlükəsizlik kimi sahələrin müzakirəsi üçün platforma rolunu oynaya bilər.
Xüsusilə diqqət çəkən məqam odur ki, tərəflər “yaydan sonra” konkret tarix müəyyən etməyə çalışır və bu, dialoqun formal deyil, davamlı xarakter aldığını göstərir. Eyni zamanda, səfirin “işçi səviyyəsində sıx əməkdaşlıq” ifadəsi gündəlik diplomatik koordinasiyanın aktiv olduğunu təsdiqləyir. Ümumilikdə bu proses Azərbaycan–Avropa xəttində əlaqələrin genişlənməsi və siyasi kanalların açıq saxlanılması baxımından müsbət tendensiya kimi qiymətləndirilə bilər.

Politoloq Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, Niderland parlamenti ayrıdır, hökumətin rəsmi mövqeyi başqadır. Onun fikrincə, Niderland hökuməti parlamentinin səhvini düzəltməyə çalışır və Azərbaycana münasibətdə haqsızlığa yol verildiyini anlayır: "Niderland və ümumən Benilüks ölkələri Fransanın təsiri altındadır. Eyni zamanda, erməni lobbisi bu dövlətlərdə fəal işləyir. Ona görə Fransanın və erməni lobbisinin diktəsi ilə hərəkət edərək bəyanatlar qəbul olunur. Halbuki holland deputatların bəlkə çoxu Cənubi Qafqazdakı prosesləri, keçmiş münaqişənin səbəblərini bilmirlər. Sadəcə, onlara sifariş olunur ki, Qarabağı tərk edən ermənilər haqda bu mövqedən çıxış etsinlər. Hərçənd əllərində tutarlı arqument də yoxdur. Niderland hökuməti isə Azərbaycanla əlaqələri korlamaq istəmədiyi üçün indi də belə danışıqlar aparılmasına can atır".
Парламент

Ekspertin fikrincə, iki ölkə arasında münasibətlər daha çox ticarətdə özünü göstərir: "Amma son illər Niderland parlamenti ermənipərəst mövqeyi ilə gündəmə gəlir. Belçika və Lüksemburq da onlara qoşulur. Hərçənd bu ölkələrin Qarabağ mövzusunda anlayışı yoxdur. Onları inandırıblar ki, dinc ermənilər guya evlərindən qovulub. Burada xristian təəssübkeşliyi də rol oynayır. Hər halda, Niderlandın ardınca digər ölkələrdən də analoji addım gözləyirik. Çünki Azərbaycana qarşı ədalətsiz olduqlarını dərk etməlidirlər”.
Qeyd edək ki, iki ölkə turizm, tikinti, sudan istifadə, kənd təsərrüfatı, İKT, alternativ enerji sektorunda əlaqələrə malikdir. Hazırda ölkəmizdə bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, ticarət, kənd təsərrüfatı və s. sahələrdə Niderland investisiyalı şirkətlər fəaliyyət göstərir.

Emil Salamoğlu
Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr