AZ

Əhali kreditləri ödəməkdə çətinlik çəkir: problemli kreditlərin həcmi sürətlə artır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət getdikcə daha çox narahatlıq doğurur. Artıq ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği 620 milyona çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə aprelin 29-da Mərkəzi Bank məlumat yayıb. Ölkənin baş bankının məlumatında bildirilir ki, aprelin 1-nə Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin məbləği 619.6 milyon manat təşkil edib. Bu göstərici isə cəmi bir ay əvvəl - martın 1-i ilə müqayisədə 10,25 faiz çoxdur. İlin əvvəlindən bu yana isə problemli kreditlərdə 18,1 faiz artım var. Bir il əvvəllə müqayisədə isə vaxtı keçmiş kreditlərdə göstərici 28,65 faiz çoxdur.

Ekspertlər problemli kreditlərdə bu cür sürətli artımı ölkədəki sosial-iqtisadi durumla əlaqələndirir.

İqtisadçı Üzeyir Bağırov Bizimyol.info xəbər portalına bildirib ki, problemli kreditlərin artımının əsas səbəbi vətəndaşların maddi durumunun pisləşməsidir. Onun sözlərinə görə, insanlar bir çox sosial problemlərini kreditlər vasitəsilə həll etməyə çalışırlar.

“Azərbaycanda əhaliyə verilən kreditlən faizinin yüksək olması, işsizlik kimi problemlər kreditlərin qaytarılmasında ciddi problemlərin meydana çıxmasına səbəb olur. Avropa ölkələrində vətəndaş işini itirəndə yeni iş tapana qədər dövlət ona maddi dəstək verir. Bu üzdən həmin müddətdə o, sosial problemlərinin həllində çətinliklər yaşamır. Bizdə isə belə deyil. Şəxs işini itirəndə ağır vəziyyətə düşür, krediti ödəyə bilmir”, - deyə iqtisadçı bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanda qiymətlərin bahalığı fonunda əhalinin gəlirlərinin aşağı olması da problemli kreditlərin artmasında rol oynayır: “İnsanlar gəlirlərini zəruri ehtiyaclarını qarşılamağa sərf edir, kredit ödənişlərinə vəsait çatmır. Bu da səbəblərdən biridir. Kreditlə avtomobil alıb, taksi fəaliyyəti göstərməklə dolanışığını təmin etmək istəyən bir çox insanlar vardı ki, son vaxtlar edilən dəyişikliklərdən sonra onlar çətin vəziyyətdə qaldılar. Taksi fəaliyyəti göstərə bilməyəndə təbii ki, krediti də qaytarmaqda çətinlik çəkirlər. Bu cür müxtəlif səbəblər sadalamaq olar”.

Ekspert hesab edir ki, kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
bizimyol.info

1Mənbələr