Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək. Aydın məsələdir ki, bu qərarın siyasi səbəbləri var. BƏƏ üçün son dövrdə əsas narahatlıq neftin təhlükəsiz şəkildə ixrac olunub-olunmamasıdır.
Regionda İranilə bağlı gərginliyin davam etməsi və xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi bu ölkəni daha həssas mövqeyə gətirib. Çünki BƏƏ-nin iqtisadi modeli sabit və fasiləsiz enerji axınına söykənir. Bu axın təhlükə altına düşəndə isə artıq ənənəvi mexanizmlər kifayət etmir.
OPEC isə bu vəziyyətdə BƏƏ üçün məhdudlaşdırıcıdır. Çünki təhlükəsizlik böhranı anlarında ölkələr daha sürətli və milli maraqlara uyğun qərar vermək istəyirlər. İranla bağlı risklərin artdığı bir şəraitdə isə bu ehtiyac daha da kəskinləşir. Enerji ixracı təkcə iqtisadi fəaliyyət deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilir. Bu zaman çeviklik, sürətli reaksiya və müstəqil qərarvermə qabiliyyəti prioritet olur.
Bu baxımdan BƏƏ-nin mümkün addımı bir növ “strateji sığorta” kimi də dəyərləndirilə bilər. Yəni məqsəd bazarı dəyişmək yox, qeyri-sabit regionda özünü daha az asılı vəziyyətə salmaqdır. İran faktorunun yaratdığı qeyri-müəyyənlik fonunda belə qərar, əslində, enerji siyasətindən çox təhlükəsizlik mühitinə uyğunlaşma cəhdi kimi görünür.
BƏƏ üçün bu qərar həm də suveren enerji siyasətinə keçidlə bağlıdır. Belə ki, BƏƏ uzun müddətdir ki, öz hasilat potensialını artırır və texnoloji baxımdan daha çevik oyunçuya çevrilib. Belə bir ölkə üçün OPEC və onun geniş formatı olan OPEC+ daxilində kvota məhdudiyyətləri getdikcə daha çox strateji yük halını alır.
BƏƏ-nin təşkilatı tərk etməsi nəticəsiz olmayacaq. Bu qərar sonrası enerji bazarının ilk reaksiyasının emosional olacağı ehtimalı var. Belə ki, neft qiymətləri çox vaxt fiziki təklifdən daha çox gözləntilərlə hərəkət edir. Ona görə də belə bir addım ilkin mərhələdə qeyri-müəyyənlik yaradaraq qiymətlərdə sıçrayış və ya kəskin dalğalanma doğura bilər. Lakin bu, uzun müddətli bir tendensiya olmayacaq.
Əsas sual isə, “BƏƏ hasilatı artıracaq, yoxsa sadəcə manevr imkanını genişləndirəcək?”dir. Əgər hasilat artarsa, bu, bazara əlavə barellər deməkdir və qiymətləri aşağı çəkə bilər. Amma burada qarşılıqlı reaksiya mexanizmi işə düşür. Belə ki, Səudiyyə Ərəbistanı kimi əsas oyunçular bazar balansını qorumaq üçün hasilatı azaltmaqla cavab verə bilər. Bu halda, qiymətlərin gözlənildiyi qədər düşməməsi mümkündür.
OPEC-in gücü onun üzvlərinin kollektiv davranışından qaynaqlanır. Bu, klassik kartel məntiqidir. Əgər bu mexanizmdə çat yaranarsa, bazar daha çox parçalanmış və rəqabətli mühitə doğru hərəkət edər. Bu isə o deməkdir ki, gələcəkdə neft qiymətləri daha az koordinasiyalı qərarlardan, daha çox isə qlobal tələb, texnoloji dəyişikliklər və geosiyasi risklərdən asılı olacaq. Məsələn, Hörmüz boğazı ətrafında gərginlik artdığı anda qiymətlər yenə yüksələ bilər, amma bu artıq OPEC-in planlı qərarından yox, risk premiumundan qaynaqlanar.
BƏƏ kimi maliyyə və texnoloji baxımdan güclü ölkənin belə addım atması digərləri üçün psixoloji baryeri azalda bilər. Amma bu, domino effekti yaradacaq qədər sadə deyil. Çünki bir çox üzv ölkələr üçün OPEC yalnız qiymət mexanizmi yox, həm də iqtisadi sabitlik və siyasi koordinasiya platformasıdır. Daha zəif iqtisadiyyata malik ölkələr bu çərçivədən çıxaraq sərbəst bazarda rəqabət aparmaqda çətinlik çəkə bilər. Buna görə də real risk kütləvi çıxışdan çox, təşkilat daxilində intizamın zəifləməsi və kvotalara əməl etmə səviyyəsinin düşməsidir.
Ümumilikdə belə bir addım neft bazarını birdən-birə dəyişməz, amma uzunmüddətli trayektoriyanı təsir altına alar. Daha az koordinasiya, daha çox fərdi strategiyalar və daha yüksək volatillik, yəni qiymətlərin həm geosiyasi hadisələrə, həm də bazar psixologiyasına daha həssas olduğu bir mühit formalaşa bilər.
Politoloq Turan Rzayev
