Serbiyanın barışıq, regional əməkdaşlıq və sosial sabitlik naziri Usame Zukorliç Türkiyənin bu ölkədəki səfiri İlhan Saygılı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belqrad və Novi Pazar şəhərlərinə planlaşdırlan səfərini müzakirə edib.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə nazirin ofisi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidentinin səfərinin yüksək səviyyədə baş tutmasını təmin etmək üçün yaradılan komitəyə U. Zukorliç rəhbərlik edəcək.
"Tərəflər prezident Ərdoğanın səfərinin ən yüksək səviyyədə təşkil edilməli olduğu barədə razılığa gəliblər", - məlumatda vurğulanıb.
Xatırladaq ki, R.T. Ərdoğanın səfəri Serbiya Prezidenti Aleksandar Vuçiç cari ilin fevralında Ankarada olarkən elan edilmişdi.
"May və ya iyun ayında Belqrada və Novi Pazara geniş heyətlə səfər gerçəkləşdirəcəyik", - R.T. Ərdoğan bildirmişdi. Bununla belə, səfərin dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.