Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Amerika lideri Donald Trampa İranda quru əməliyyatının həyata keçirilməsinin qəbuledilməz və təhlükəli olduğunu bildirib.
“İki sahil” Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Rusiya Prezidenti ABŞ və İsrailin güc aksiyalarını bərpa edəcəyi halda, bunun təkcə İran və onun qonşuları üçün deyil, həm də bütün beynəlxalq ictimaiyyət üçün doğuracağı qaçılmaz və son dərəcə dağıdıcı nəticələrə diqqət çəkib. Əlbəttə ki, İran ərazisində quru əməliyyatı variantı tamamilə qəbuledilməz və təhlükəli görünür", - Uşakov qeyd edib.
Onun sözlərinə görə, Putin Trampa bildirib ki, Rusiya İranın nüvə proqramı ilə bağlı bir sıra mülahizələr irəli sürərək böhranın sülh yolu ilə həlli istiqamətindəki diplomatik səylərə hərtərəfli dəstək göstərməkdə qərarlıdır.
"Bu məqsədlə İran nümayəndələri, Fars körfəzi ölkələrinin liderləri, eləcə də İsrail və amerikalı müzakirəçilər komandası ilə fəal təmaslar davam etdiriləcək", - Rusiya Prezidentinin köməkçisi əlavə edib.