Hesabata görə, Hizbullah aşkar edilməsi və ya radioelektron mübarizə ilə sıradan çıxarılması çətin olan kvadrokopter dronlardan istifadə edir. İsrailli bir əsgərin sözlərinə görə, bu qurğular havada asılı qala və ya damlarda gizlənə bilir, hərəkət aşkar edilən kimi partlayaraq açıq ərazilərdə qoşunların hərəkətini getdikcə daha riskli edir.
Hesabatda əlavə olunur ki, bəzi dronlar artıq fiber-optik sistemlərlə idarə olunur ki, bu da onların siqnal yaymadan səssiz fəaliyyət göstərməsinə imkan verir və İsrailin aşkarlama və qarşısını alma səylərini daha da çətinləşdirir.
İsrail tərəfinin hesabatında bu dronlar “mürəkkəb təhdid” kimi qiymətləndirilir. Bildirilir ki, onlar stasionar müşahidə sistemlərinin təsirsiz olduğu məkanlara — damlara, dağlıq ərazilərə və sıx məskunlaşmış şəhər zonalarına — çata bilir, eyni zamanda hədəfləmə üçün kəşfiyyat imkanları da təqdim edir.
İsrail hərbi rəsmiləri son aylarda yüzlərlə belə dronla üzləşdiklərini etiraf edərək, bunu “çox ciddi problem” kimi dəyərləndirib və bu təhdidə qarşı imkanlarının məhdud olduğunu bildiriblər.
“Yeganə həll yolu səmanı izləyən bir əsgərin olmasıdır. Əslində real həll yoxdur. Dron gəlib çatanda artıq gec olur”, – deyə zabit qeyd edib.
Hesabatda həmçinin vurğulanır ki, İsrail ordusunun Cənubi Livanda apardığı əməliyyatlar əsasən kəndlərdə evlərin sistemli şəkildə dağıdılmasına yönəlib. Komandirlərdən biri “Yeganə missiya dağıntıları davam etdirməkdir” deyərək, digər əməliyyat məqsədlərinin mövcudluğunu inkar edib.
Məlumata əsasən, İsrail qüvvələri hər gün mülki evlərin dağıdılmasını həyata keçirir, komandirlər isə dağıdılan evlərin sayı barədə hesabat təqdim etməyə borcludur. Bildirilir ki, podratçılar dağıntının miqyasına görə maliyyə təşviqləri alırlar.
Hesabat siyasi ritorika ilə sahədəki reallıqlar arasında artan fərqə də diqqət çəkərək xəbərdarlıq edir ki, daimi dron təhdidi və qeyri-müəyyən məqsədlər altında aparılan əməliyyatlar İsrail qüvvələri üzərində həm fiziki, həm də psixoloji təzyiqi artırır.