AZ

ABŞ və İsrail “Avraam sazişləri”ni” özləri məhv edir...



Məhərrəm Zülfüqarlı: “Müharibə davam etdiyi bir şəraitdə “Avraam sazişləri” getdikcə əhəmiyyətini itirəcək”

“Avraam sazişləri” ABŞ-ın vasitəçiliyi ilə İsrail və bəzi ərəb-müsəlman ölkələri arasında qarşılıqlı əlaqələrin institusional səviyyəyə keçməsinə xidmət edən strateji təşəbbüsdür. Bu razılıq, Yaxın Şərqdə İranın təsir dairəsini balanslaşdırmaq və İsrailin regiondakı legitimliyini gücləndirmək məqsədi daşıyır.

2020-ci ilin ikinci yarısında Vaşinqtonun təşəbbüsü ilə imzalanan “Avraam sazişləri” İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında diplomatik əlaqələrin normallaşdırılmasını təmin etdi. Razılaşmaya rəsmən qoşulan əsas ölkələr aşağıdakılardır: İsrail (Tərəf), Birləşmiş Ərəb Əmirlikləri (2020), Bəhreyn (2020), Sudan (2020), Mərakeş (2020) və 2025-ci ildə Qazaxıstan bu razılaşmaya qoşulub.

O da məlumdur ki, neçə vaxtdır Yaxın Şərqdə müharibə gedir. ABŞ-İsrail İranı, Livanı hədəf alır, bombalayır. Maraqlıdır, Yaxın Şərq müharibəsindən asılı olaraq “Avraam sazişləri”nin taleyi necə olacaq?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “ABŞ-İsrail İrana qarşı müharibəyə başlayanda “Avraam sazişləri”nə münasibət başqa idi. Müharibə başlayandan sonra isə münasibət fərqli istiqamətdə dəyişib. Yəni bu saziş o dövrdə Yaxın Şərqdə sülhün bərqərar olması və İsraillə ərəb ölkələri arasında münasibətləri tənzimləmək məqsədi ilə izah olunurdu. Həmçinin dünya tərəfindən müsbət qarşılanırdı. Ancaq İsrailin Birləşmiş Ştatlarla birlikdə İrana qarşı uğursuz müharibəsi və çoxsaylı insanın tələf olması “Avraam sazişləri”nə münasibəti dəyişib. Hətta Qazaxıstan da bu sazişə qoşulmuşdu. Ancaq hesab edirəm ki, bundan sonra hansısa ölkələr bu sazişə qoşulmaqdan çəkinəcək. Çünki ölkələrin sülhə olan inamı, etimadı sarsılıb. O üzdən, “Avraam sazişləri”nə qoşulmaq istəyən ölkələrin sayı kəskin şəkildə azalacaq. Gələcəkdə əvvəlki mövqeyə qayıtmaq üçün İsrail siyasətini əhəmiyyətli dərəcədə dəyişməlidir. Yəni müharibə siyasətindən, əməkdaşlıq, sülh siyasətinə keçməlidir ki, “Avraam sazişləri”nə hansısa dövlətlər qoşulsun. Hələ ki, Yaxın Şərqdə müharibə davam edir. ABŞ-la İsrailin İrana qarşı müharibəsi davam etdiyi bir şəraitdə “Avraam sazişləri” də getdikcə əhəmiyyətini itirəcək”.

Vidadi ORDAHALLI

Seçilən
56
baki-xeber.com

1Mənbələr