AZ

Mayın 1-i Trampın tarixində ən mürəkkəb gün olacaq... Parlament təhqiqatı başlayır...



Rəşad Bayramov: “Tramp Konqresə müraciət edib rəsmi icazə istəsə, bu, daxili siyasi mübarizəni kəskinləşdirəcək”

ABŞ prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatları davam etdirməsi baxımından 1 may tarixi mühüm əhəmiyyət daşıyır. Belə ki, 1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən prezidentin Konqres təsdiqi olmadan hərbi əməliyyat aparması üçün nəzərdə tutulan 60 günlük müddət həmin gün başa çatır.

Vaşinqtonda hazırda əsas müzakirə mövzusu əməliyyatların bu tarixdən sonra Konqresin razılığı olmadan necə davam etdirilə biləcəyidir. ABŞ Prezidenti qanuna əsasən 60 günlük müddəti yalnız bir dəfə əlavə 30 gün uzada bilər. Bir sözlə, bundan sonra Tramp ya müharibə elan etməlidir, ya da əlavə 30 gün hərbi əməliyyatı uzada bilir. Maraqlıdır, Tramp hansı variantı seçəcək?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, ABŞ siyasi sistemində “Müharibə Səlahiyyətləri Qanunu” faktiki olaraq prezident və Konqres arasında güc balansının ən həssas nöqtələrindən biridir: “Xüsusilə İran kimi yüksək riskli istiqamətdə bu məsələ daha da aktuallaşır. Trampın ikinci prezidentliyi dövründə müşahidə olunan ümumi tendensiyaya baxdıqda görürük ki, onun siyasi üslubu institusional məhdudiyyətləri test etməyə və hüquqi sərhədləri mümkün qədər elastik interpretasiya etməyə yönəlib. 1 may tarixinin kritikliyi ondan ibarətdir ki, bu tarixdən sonra artıq məsələ yalnız hüquqi texniki prosedur deyil, siyasi məsuliyyət məsələsinə çevrilir. Əgər Tramp Konqresə müraciət edib rəsmi icazə istəsə, bu, daxili siyasi mübarizəni kəskinləşdirəcək. ABŞ-da xüsusilə uzunmüddətli müharibələrə qarşı skeptisizm güclüdür və İran kimi mürəkkəb aktorla açıq müharibə qərarı həm Demokratlar, həm də bəzi Respublikaçılar tərəfindən ciddi müqavimətlə qarşılana bilər. Bu isə Trampın qərarvermə modelinə uyğun deyil, çünki o, siyasi nəzarəti bölüşməkdə maraqlı görünmür. Digər tərəfdən, 30 günlük uzatma variantı özü də daha çox taktiki gedişdir. Bu, həm hərbi əməliyyatların nəticələrini möhkəmləndirmək, həm də diplomatik danışıqlar üçün əlavə zaman qazanmaq məqsədi daşıya bilər. Lakin bu da uzunmüddətli çıxış yolu deyil və sadəcə qərarın gecikdirilməsidir. Əsas məsələ ondan ibarətdir ki, Tramp administrasiyası bu müddətdə əməliyyatların xarakterini dəyişərək onları tammiqyaslı müharibə kateqoriyasından çıxarmağa çalışa bilər”.

R.Bayramov hesab edir ki, Tramp ənənəvi olaraq hüquqi çərçivənin yenidən interpretasiyasına üstünlük verəcək: “Yəni əməliyyatlar formal olaraq davam etsə də, onlar məhdud hərbi fəaliyyət, preventiv zərbələr və ya müttəfiqlərlə koordinasiya olunmuş təhlükəsizlik tədbirləri kimi təqdim oluna bilər. Bu halda Konqres təsdiqindən faktiki olaraq yan keçmək mümkün olur. ABŞ tarixində buna oxşar presedentlər mövcuddur və Trampın ikinci prezidentlik dövründə icra hakimiyyətinin genişləndirilməsi tendensiyası bunu daha ehtimal olunan edir. Eyni zamanda, geosiyasi faktorlar da seçimə təsir edəcək. İranla uzunmüddətli müharibə regionda geniş eskalasiya riski yaradır və ABŞ-ın digər prioritetlərini xüsusilə Çin ilə rəqabəti kölgədə qoyur. Üstəgəl, bu il həm də ABŞ-da Konqresə aralıq seçkilərin keçilməsi nəzərdə tutulur. Bu baxımdan Tramp üçün optimal strategiya maksimum hərbi təzyiqi minimum hüquqi və siyasi məsuliyyətlə birləşdirməkdir. Yəni başqa sözlə, desək, ən real seçim müharibə elan etmək deyil. Daha çox ehtimal olunan odur ki, qısa müddətli uzatma, yəni 30 günlük müddətlə bağlı qərar olsun və paralel olaraq əməliyyatların hüquqi statusunun yenidən çərçivələndirilməsi, Konqresin rolunun faktiki olaraq minimuma endirilməsi istiqamətində addımlar atılsın”.

Vidadi ORDAHALLI

Seçilən
19
baki-xeber.com

1Mənbələr