Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa İttifaqının (Aİ) hazırda Türkiyəni öz sıralarına qəbul etmək üçün siyasi iradəsi yoxdur. Bununla belə, o vurğulayıb ki, geosiyasi şərait tərəfləri əməkdaşlığa məcbur edir.
Bizimyol.info xəbər verir ki, Fidan bunu Vyanada avstriyalı həmkarı Beate Maynl-Rayzingerlə keçirdiyi mətbuat konfransında deyib.
“Geosiyasi hadisələr elə inkişaf edir ki, Avropa İttifaqı ilə münasibətlərimizin xarakterindən asılı olmayaraq bizi birgə işləməyə məcbur edir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhran, Hörmüz boğazı, regionumuzdakı hadisələr, Balkanlarda sabitliyin qorunması, ticarət və müdafiə sahələri buna daxildir. Türkiyənin təqdim edə biləcəyi geostrateji, geosiyasi və geo-iqtisadi üstünlükləri nəzərə alsaq, niyə ölkə Aİ üzvü olmur? Problem ondadır ki, şərtlər yerinə yetirildiyi halda belə Aİ-də Türkiyəni qəbul etmək üçün siyasi iradə yoxdur”, - deyə qeyd edib.
Nazir əlavə edib ki, keçmişdə Türkiyənin qəbuluna siyasi dəstək Almaniyanın sabiq kansleri Gerhard Şröder və Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən göstərilsə də, bu yanaşma 2007-ci ildə Fransanın sabiq prezidenti Nikolya Sarkozi dövründə aradan qalxıb. “Biz heç vaxt Türkiyənin bütün şərtləri yerinə yetirmədən qəbul olunmasını tələb etməmişik. Hər hansı təşkilata qoşulmaq üçün müəyyən şərtlər var və siz onları yerinə yetirdikdən sonra üzv olursunuz”, – deyə Fidan vurğulayıb.
O qeyd edib ki, Aİ ilə Türkiyənin üzərində birgə işləməli olduğu bir sıra məsələlər mövcuddur: NATO çərçivəsində əməkdaşlıq, Avropanın yeni təhlükəsizlik arxitekturasının qurulması və rəqabət mühitinin yaxşılaşdırılması. Bununla yanaşı, Fidan Aİ-də qərar qəbuletmə mexanizmlərində problemlərə də diqqət çəkib: “27 üzv dövlətdən 26-sı – təxminən 400 milyon insan – müəyyən qərarı dəstəkləsə belə, əhalisi bir milyondan az olan bir ölkə buna mane ola bilər. Bu isə Türkiyənin belə vəziyyətin girovuna çevrilməsi riskini yaradır”, - deyə dildirib.
Nazir qeyd edib ki, hazırda əsas müzakirə mövzusu üzvlük deyil, Aİ ilə mövcud sazişlərin və ticarət əlaqələrinin inkişafıdır. Onun sözlərinə görə, tərəflər arasında ticarət dövriyyəsini 500 milyard dollara qədər artırmaq mümkündür: “Hər iki tərəf bunu istəyir, lakin addım ata bilmir. Biz üzvlükdən danışmırıq, mövcud gömrük ittifaqı sazişinin yenilənməsindən danışırıq. Bu, hər iki tərəf üçün faydalı olar və avropalı rəsmilər də bunu bizə deyir. Amma nəsə bu iradənin reallaşmasına mane olur. Ümid edirik ki, bu maneə aradan qalxacaq”, - deyə əlavə edib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.