"Ukrayna son beş il ərzində müharibə şəraitində olmasına baxmayaraq, hərbi-texniki sahədə kifayət qədər mühüm nailiyyətlər əldə edib. Həm Azərbaycan, həm də Ukrayna hazırda müxtəlif təyinatlı PUA istehsal edən azsaylı ölkələrdəndir".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan ilə Ukrayna arasında hərbi-texniki əməkdaşlıqdan danışarkən bildirdi.
Onun sözlərinə görə, hər iki strateji müttəfiq olan ölkənin münasibətlərini yeni səviyyəyə çıxarmaq üçün geniş potensial da mövcuddur:
"Bildiyimiz kimi, hazırda Azərbaycan kəşfiyyat, müşahidə, zərbə və kamikadze tipli dronların yerli istehsalını təşkil edib. Bu sahədə ciddi istehsal potensialı mövcuddur və bu PUA-lar isə Ukraynanı yaxından maraqlandırır. Ukrayna isə uzaqmənzilli artilleriya sistemləri üçün raketlər və anti-dron sistemləri sahəsində ixtisaslaşıb. Odur ki, hər iki tərəf bu sahələrdə birgə istehsal müəssisələri yarada bilər. Bu isə öz növbəsində hər iki ölkənin hərbi potensialına və təhlükəsizlik mühitinə kifayət qədər müsbət təsir göstərə bilər”.
Xədicə BAXIŞLI