Elə bir dövrə gəlib çatmışıq ki, bəlkə də bizdən sonrakı nəsil “qalayçı” sözünü yalnız köhnə filmlərdə, seriallarda eşidəcək. “Qayınana” filmində Cənnət xalanın uca səslə gəlinin “qalayçı qızı” olmasından danışdığı səhnələr kimi…
Bəli, çox təəssüf ki, nə qədər hörmətli və qədim sənət olsa da, qalayçılıq da çəkməçilik, papaqçılıq kimi yavaş-yavaş “can verən” peşələr sırasına qarışır. Müasir gənclərin çoxu artıq qalayçının nə iş gördüyünü də dəqiq bilmir. Çünki bu sənətin daşıyıcıları azalır, davamçıları isə demək olar ki, görünmür.
Bir neçə gün əvvəl yolum Sabunçu bazarına düşmüşdü. Bazarın bir küncündə, səs-küyün, alverin arasında sanki zaman dayanmışdı. Orada orta yaşlı bir kişi əlləri tozdan, hisdən qaralmış halda diqqətlə nəsə düzəldirdi. Yaxınlaşanda məlum oldu ki, bu adam da unudulmaqda olan bir peşənin nümayəndəsidir - qalayçıdır.
Kiçik bir küncü özünə emalatxana kimi düzəldib. Ətrafında bir neçə köhnə samovar… Baxanda hiss olunur ki, əsas işi də elə onlardır. Çünki indi kim deşilmiş qazanı qalayçıya gətirər? Çoxu ya tullayır, ya da yenisini alır. Amma samovar başqa məsələdir — həm bahalıdır, həm də bir evin, bir ailənin xatirəsini daşıyır.
Müştərisini yola salandan sonra onunla söhbət etməyə yaxınlaşıram. Əvvəlcə həvəsli görünmür, sanki sözə ehtiyatla yanaşır. Amma sonra söz sözü çəkir və həyat hekayəsi yavaş-yavaş açılır.

Tariyel Mustafayevin 45 yaşı var. Ata tərəfi Bərdədən, ana tərəfi Ağdamdandır. Deyir ki, bu sənət onlarda nəsildən-nəsilə keçib. Atası da qalayçı olub, babası da. Hətta dörd qardaşdırlar, dördü də bu peşənin arxasınca gedib - biri Zabratda, biri 8-ci kilometr bazarı tərəfdə, biri Bərdədə, o isə Sabunçuda işləyir.
“Biz bu sənətin içində böyümüşük. Başqa həyatımız olmayıb” - deyir.
Onun sözlərinə görə, bu yolun davamı artıq görünmür. Öz oğlu da var, amma o, bu sənətə maraq göstərmir.
“Ağırdır, zəhməti çoxdur, qazancı azdır” - deyə gülümsəyir, amma o gülümsəmənin içində bir az kədər də hiss olunur.
Qalayçının işi fəsildən asılıdır. Yaz-yay aylarında bağ evləri, rayon həyatı canlananda samovarlar da “dirilir”. Qışda isə iş azalır, amma tam kəsilmir.
Qiymətlər də işə görə dəyişir: sadə təmir 10–40 manat arası, samovarın tam bərpası isə ölçüsünə görə 80 manata qədər ola bilir. Amma 50–60 illik bir samovarın bərpası bəzən 2–3 saatdan da çox vaxt aparır.

“Bu iş təkcə zəhmət deyil” - deyir Tariyel.
“Diqqət tələb edir. Çünki sənə gətirilən əşya bəzən kiminsə atasından, babasından qalma xatirə olur. Sən ona zərər verə bilməzsən”.
Söhbət uzandıqca bir həqiqət daha aydın görünür: bu peşə təkcə dəmir işi deyil, həm də yaddaş işidir. Amma yaddaşın özü də ustalar kimi azalıb gedir.
“Cavanların marağı yoxdur. Çətindir, tozludur, əziyyəti çoxdur. Amma mən sevirəm. Sənətkarsansa, dolanışığın olur” - deyir.
Dörd qardaşın dördü də qalayçıdır, amma heç birinin ardınca gedən yoxdur.
Söhbətin sonunda yenidən samovarı əlinə alır, baxır qayıdır... Mən isə bir daha anlayıram ki, bəzən peşələr yox olmur, sadəcə səssizcə uzaqlaşır.

Şahanə Rəhimli
Musavat.com