AZ

Atəşkəs niyə qorunur? ABŞ və İranın gizli strategiyası

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Amerika və İran arasında danışıqların baş tutmamasına baxmayaraq atəşkəsin davam etməsi əslində hər iki tərəfin müharibəni yenidən başlatmaq istəməməsindən irəli gəlir. Burada əsas həlledici rol isə ABŞ-yə məxsusdur".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi.

Onun sözlərinə görə, ABŞ-İran arasında 40 gün davam edən hava zərbələri göstərdi ki, yalnız aviazərbələrlə istənilən nəticəni əldə etmək çətindir:

"Eyni zamanda quru əməliyyatlarının başlanması da ciddi risklər daşıyır. Bu səbəbdən ABŞ fərqli taktika seçir. Görünən odur ki, Vaşinqton İranı hərbi deyil, daha çox danışıqlar və təzyiq mexanizmləri ilə razılaşmaya məcbur etməyə çalışır. Məhz buna görə, danışıqlar baş tutmasa belə, atəşkəsin saxlanılması bir növ alternativ kimi qorunur. Bu isə o deməkdir ki, ABŞ hərbi variantdan tam imtina etməsə də, onu əsas alət kimi deyil, daha çox təzyiq vasitəsi kimi saxlayır. Bu yanaşma İrana mesaj xarakteri daşıyır: ya danışıqlar masasında razılaşma, ya da hərbi ssenarinin yenidən aktuallaşması ehtimalı".

Siyasi şərhçinin fikrincə, tərəflərin razılığa gələ bilməməsinin əsas səbəbi isə irəli sürdükləri tələblərdir:

"Faktiki olaraq, əsas mübahisə mövzusu dəniz blokadası və Hörmüz boğazı üzərində nəzarətdir. İran ABŞ-dən dəniz blokadasının aradan qaldırılmasını tələb edir, ABŞ isə Hörmüz boğazında keçidin tam və əvvəlki qaydada bərpasını istəyir. Bu məsələ tərəflərin əlində olan əsas rıçaqdır. İran münaqişə dövründə Hörmüz boğazında gediş-gəlişi məhdudlaşdırmaqla qlobal enerji və ticarət marşrutlarına təsir göstərərək ABŞ-ni danışıqlara sövq edə bildi. ABŞ isə buna cavab olaraq dəniz blokadası tətbiq etməklə İranı iqtisadi baxımdan sıxışdırmağa çalışdı".

Müsahibimiz qeyd etdi ki, hazırkı mərhələdə danışıqlarda irəliləyiş əldə olunması tərəflərdən birinin bu rıçaqdan geri çəkilməsindən asılıdır:

"ABŞ prinsip etibarilə blokadanın yumşaldılmasına razı ola bilər, lakin bunun qarşılığında İranın Hörmüz boğazında vəziyyəti müharibədən əvvəlki formaya qaytarmasını tələb edir. İran, xüsusilə SEPAH xətti bunu qəbul etmir və mövcud vəziyyəti strateji üstünlük kimi dəyərləndirir. Onlar hesab edir ki, yaranmış şərait İranın boğaz üzərində daha geniş nəzarət imkanları əldə etməsi üçün fürsətdir. Bu ziddiyyət danışıqları dalana dirəyir. Tərəflərin danışıqlar masasına qayıtmamasının səbəbi də məhz budur – mövqelər dəyişmədiyi halda müzakirələr nəticəsiz görünür. ABŞ blokadanı davam etdirməklə İranı iqtisadi təzyiq altında saxlayıb güzəştə getməyə məcbur etmək istəyir. Eyni zamanda nüvə və raket proqramı, eləcə də proksi qüvvələrə dəstəyin dayandırılması kimi əlavə tələblər də gündəmdədir".

Politoloq nəzərə çatdırdı ki, İran isə öz növbəsində müqavimətini davam etdirir və onların düşüncəsinə görə Hörmüz boğazında yaradılan gərginlik qlobal iqtisadiyyata təsir göstərməklə ABŞ üzərində əks təzyiq formalaşdırır.

"Yəni Tehran düşünür ki, bu vəziyyət Vaşinqtonu sonda daha elastik mövqe tutmağa məcbur edə bilər. Nəticə etibarilə, hər iki tərəf əlindəki rıçaqlardan maksimum istifadə etməyə çalışır və proses daha çox iqtisadi və diplomatik mübarizə müstəvisində davam edir. Burada həlledici amil zaman faktorudur: hansı tərəfin iqtisadi və psixoloji baxımdan daha uzun müddət davam gətirə bilməsi nəticəni müəyyən edəcək. İran üçün vəziyyət heç də tam müsbət deyil. Blokada iqtisadiyyata ciddi zərbə vurur və zaman keçdikcə bu təsirin daha da dərinləşməsi mümkündür. ABŞ də məhz buna görə prosesi uzatmağa çalışır ki, İranı real güzəştlərə məcbur edə bilsin. Bu mərhələdə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı zəif görünür. Çünki belə bir ssenari nə effektiv, nə də az risklidir. ABŞ daha çox iqtisadi və selektiv hərbi təzyiq vasitələrindən istifadə etməklə məqsədinə çatmağa çalışır. Ayrı-ayrı hədəflərə lokal zərbələr istisna olmasa da, bu, genişmiqyaslı müharibə demək deyil. Ümumilikdə isə yaxın dövrdə əsas mübarizənin iqtisadi və diplomatik müstəvidə davam edəcəyi ehtimalı daha yüksəkdir", - deyə Asif Nərimanlı vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
redaktor.az

2Mənbələr