AZ

Rus hərbçilərdən XƏYANƏT – Qırğın gedir

Afrika ölkəsində vəziyyət sürətlə gərginləşir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Malidə hökumət qüvvələri , eləcə də Rusiyanın “Afrika korpusu” ilə üsyançılar arasında döyüşlər fonunda ölkənin yüksək rütbəli rəsmisi rus hərbçilərini dövlət rəhbərliyinə xəyanətdə ittiham edib.

Məlumata görə, üsyançılar Tessalit, Tessit, Aguelhok, Ber və Menaka şəhərlərinin, həmçinin, İntahaka qızıl yatağının ələ keçirildiyini iddia edib. Bildirilir ki, Mali ordusu və “Afrika korpusu” bəzi əraziləri danışıqlardan sonra tərk edib.
Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr isə Kidal şəhərindən geri çəkilmədən sonra ölkənin şimalında müdafiə xəttinin çökməyə başladığını qeyd edir. Eyni zamanda, “İslam Dövləti” – Səhil vilayəti qruplaşmasının bəzi bölgələrdə mövqelərini gücləndirdiyi bildirilir. “Reuters” agentliyinin məlumatına görə, Menaka şəhərinə də islamçı silahlılar daxil olub. Bununla belə, “Afrika korpusu” bu iddiaları qismən təkzib edərək şəhərdə nəzarətin qorunduğunu və patrul xidmətinin davam etdiyini açıqlayıb.

Digər tərəfdən, “Cəmaat Nusrat əl-İslam vəl-Müslimin” qruplaşması paytaxt Bamakonun mühasirəyə alındığını bəyan edib. Rəsmi səviyyədə isə Mali prezidenti Assimi Qoita ilk dəfə ictimaiyyət qarşısına çıxaraq Rusiyanın ölkədəki səfiri İqor Qromıko ilə görüş keçirib. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, “Afrika korpusu” 25 aprel tarixində Malidə dövlət çevrilişi cəhdinin qarşısını alıb və Kidal şəhərində rus hərbçilər mühasirədə qalsalar da, bir neçə hücumu dəf ediblər.

Bununla yanaşı, Rusiya ilk dəfə olaraq Malidə itkilər verdiyini də etiraf edib. Bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Borisenko məlumat verib. Ən diqqətçəkən açıqlama yüksək rütbəli mali rəsmisindən gəlib. O, Fransanın “RFI” radiosuna “ruslar bizi satdı” sözlərini işlədib. Onun sözlərinə görə, Kidal əyalətinin rəhbərliyi hücum barədə rus qüvvələrini əvvəlcədən xəbərdar etsə də, onlar heç bir tədbir görməyib və geri çəkilmə əvvəlcədən razılaşdırılmış ola bilər.

Məlumata görə, ən azı 400 rus hərbçisi üsyançıların müşayiəti ilə Tessalitə köçürülüb və onların ölkəni tərk edəcəyi gözlənilir. Fransanın “Le Monde” nəşri isə yazır ki, bu hadisələr Mali hakimiyyətinin əsas müttəfiqinin ondan üz döndərdiyini göstərir.
Bununla belə, Rusiyaya bağlı mənbələr bildirir ki, 30 milyon əhalisi olan ölkənin yerinə döyüşmək heç vaxt planlaşdırılmayıb.
Beləliklə, Malidə vəziyyət həm hərbi, həm də siyasi baxımdan getdikcə daha mürəkkəb xarakter alır.

Musavat.com

 

Seçilən
59
musavat.com

1Mənbələr