Cəbrayılda meşələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər regionun ekoloji tarazlığının yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Cəbrayıl rayonu uzun illər işğal altında qaldığı dövrdə təbii sərvətlərə ciddi ziyan dəyib, meşə sahələri məhv edilib və biomüxtəliflik zəifləyib.
Hazırda 12 saylı RMTM-nin kollektivi və yardımçı olaraq 9 saylı RMTM -nin əməkdaşları tərəfindən genişmiqyaslı ağacəkmə kampaniyaları aparılır, yerli iqlimə uyğun ağac növləri əkilir və torpaq eroziyasının qarşısını almaq üçün xüsusi tədbirlər görülür. Bu proses yalnız yaşıllığın bərpası deyil, həm də su ehtiyatlarının qorunması, hava keyfiyyətinin yaxşılaşdırılması və regionda dayanıqlı ekosistemin formalaşdırılması məqsədi daşıyır.
Eyni zamanda, müasir texnologiyalardan istifadə edilməklə ərazilərin monitorinqi həyata keçirilir, yeni salınan meşə zolaqlarının qorunması üçün nəzarət mexanizmləri gücləndirilir. Bu tədbirlər gələcəkdə Cəbrayılın yenidən zəngin təbii landşafta malik bölgəyə çevrilməsinə şərait yaradacaq.