2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra bir neçə ciddi inkişaf qeydə alınıb. Oktyabr ayında Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Sonrakı dövrdə isə etimad quruculuğu tədbirləri çərçivəsində siyasi şərhçilər, vətəndaş cəmiyyəti üzvləri, o cümlədən media nümayəndələrinin qarşılıqlı səfərlərini qeyd etmək olar. Eyni zamanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində təşkil olunan dəyirmi masalarda fikir mübadilələrinin aparılmasını vurğulamaq yerinə düşər.
Məlum olduğu kimi, Azərbaycan yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının Preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Bu, beynəlxalq hüquqdan irəli gələn legitim tələbdir. Hazırda Ermənistan baş naziri Nikol Paşinyan sözügedən istinadın çıxarılacağına dair müsbət mesajlar verir, lakin hələ ki, bu məsələdə ciddi addım atılmayıb. Görünən odur ki, Paşinyan seçicilərinin reaksiyasını tam müəyyən edə bilmədiyi üçün hələ ki, konstitusiya dəyişikliyinə getməyə ehtiyat edir. Analitiklər hesab edirlər ki, hazırkı mərhələdə paraflanmış sülh sazişinin beynəlxalq müqavilə kimi legitimliyinin təmininə ehtiyac var. Başqa sözlə, paraflanmış saziş imzalanmalı və bundan sonra Azərbaycan və Ermənistan parlamentləri ratifikasiya olunmalıdır. Sülh müqaviləsinin qüvvəyə minməsi üçün sonuncu mərhələ ratifikasiya prosesinin başa çatması, yəni dövlət daxili hüquqi prosedurların tamamlanması üçün xarici işlər nazirlikləri diplomatik kanallarla nota mübadiləsi həyata keçirməlidir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Musavat.com-a şərhində xatırladıb ki, paraflama ifadəsi diplomatiya və müqavilə hüquqi terminologiyasına aiddir. Deputat bildirib ki, beynəlxalq müqavilə mətninin iştirakçı tərəflər üçün bərabər autentik (eyni - red.) olmasının müəyyən edilməsində bu termindən istifadə olunur:
“Paraflanma əsasən beynəlxalq müqavilənin yekun mətninin tam razılaşdırıldığını göstərir, başqa sözlə, onun razılaşdırılmış mətninin dəyişdirilməyəcəyinə dair tərəflərin mövqeyini təsdiqləyir. Paraflanma əsasən açıq məsələ qalmadığını, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir. Azərbaycan Respublikası “Müqavilələr hüququ haqqında” 1969-cu il Vyana Konvensiyasına 2017-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunduqdan və müvafiq dövlətdaxili prosedurlar tamamlandıqdan sonra qoşulub. Beynəlxalq müqavilələrin imzalanması, sonrakı mərhələlərdə ratifikasiyası və dövlət başçısı tərəfindən təsdiqi müqavilənin hüquqi baxımından öhdəlik yaradan mərhələsinin yekunlaşmasıdır. Başqa sözlə, dövlət başçısı tərəfindən rəsmi səlahiyyətləndirilmiş şəxs, adətən hökumət üzvü müqaviləni imzalayır. İmzalanmadan sonra əgər müvafiq qaydalarda nəzərdə tutulubsa, müqavilə ratifikasiya, təsdiq mərhələlərindən keçərək qüvvəyə minir. Bu prosedurların tamamlanması barədə isə tərəflər bir-birinə diplomatik kanallarla bildiriş, yəni nota təqdim edirlər. Bu proseslər başa çatdıqdan sonra həmin beynəlxalq qüvvəyə minir və tərəflər hüquqi məcburiliyi olan öhdəliklər yaradır. Burada isə beynəlxalq hüququn “pacta sunt servanda” prinsipi tətbiq olunur, yəni imzalanmış müqaviləyə vicdanla əməl olunmalıdır”.
Nigar Həsənli
Musavat.com