AZ

Maşınla təhlükəli şəkildə ötüb keçən şəxsi döyən gəncə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ömər Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 29 avqust 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospekti ərazisində baş verib.

 

Belə ki, 2007-ci il təvəllüdlü Ömər Məmmədov həmkəndlisi ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobillə Tərtər şəhərindən Hacıqərvənd kəndi istiqamətində hərəkətdə olarkən, onları təhlükəli şəkildə ötüb keçən digər avtomobil ilə bağlı mübahisə yaranıb. Həmin avtomobildə sərnişin qismində zərərçəkmiş Elvin Kərəmov (adı, soyadı şərtidir) da olub.

 

İstintaq materiallarına əsasən, təhlükəli ötmə əməliyyatı nəticəsində tərəflər arasında gərginlik yaranıb və hər iki avtomobil saxlanıldıqdan sonra mübahisə fiziki qarşıdurmaya çevrilib. Təqsirləndirilən şəxs mübahisəyə müdaxilə edərək hadisəyə qarışıb.

 

Hadisə zamanı Ömər Məmmədov zərərçəkmiş şəxsin baş nahiyəsinə küt əşya ilə bir neçə dəfə zərbə endirib. Nəticədə Elvin Kərəmova qapalı kəllə-beyin travması, baş beynin əzilməsi və sıxılması, epidural hematoma, sümük sınıqları və çoxsaylı əzilmiş-cırılmış yaralar kimi həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri yetirilib.

 

Məhkəmə iclasında ifadə verən Ömər Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, hadisənin gecə saatlarında baş verdiyini, əvvəlcə dostu ilə mağazaya və daha sonra yemək yeməyə getdiklərini deyib. Qayıdarkən tanımadıqları avtomobilin təhlükəli şəkildə onları ötüb keçdiyini və yol hərəkəti qaydalarını pozduğunu qeyd edib.

 

Onun sözlərinə görə, avtomobillər saxlanıldıqdan sonra sürücülər arasında sözlü mübahisə yaranıb. Daha sonra digər avtomobildə olan şəxslərdən biri döyüldükdə o, tərəfləri ayırmaq məqsədilə müdaxilə edib. Lakin qarşı tərəfin ona hücum etdiyini söyləyən təqsirləndirilən şəxs bu zaman əlində olan taxta parçası ilə Elvin Kərəmova zərbələr endirdiyini bildirib. Ömər qeyd edib ki, həmin taxta parçasını yaxınlıqda olan evakuator avtomobilindən götürüb.

 

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

 

Məhkəmə iclasında zərərçəkmiş Elvin Kərəmov da ifadə verib. O bildirib ki, hadisə ilə bağlı dəqiq xatırladığı məqam yoxdur və başında yaranmış xəsarətin hadisədən sonra meydana gəldiyini qeyd edib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 29 Aprel 2026, 08:07   
Seçilən
57
pravda.az

1Mənbələr