Qazax, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 28, 29 və 30 aprel tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında "Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Ünsiyyət bacarıqlarının inkişafı” mövzularında növbəti təlimlərin keçirilməsi nəzərdə tutulub.
Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları - Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov və şöbənin məsləhətçisi Zeynal Cabarov, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun məsləhətçisi Fərid Abuşzadə, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Cavid Əliyev tərəfindən təşkil olunacaq.
İlk təlim aprelin 28-də Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev tərəfindən "Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda keçirilib. Təlimdə icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, digər qurumlarda çalışan dövlət qulluqçuları iştirak ediblər.
Müxbir - Ruslan Novruzoğlu