AZ

Yapon mütəxəssis: Abşeronun seysmik təhlükəlilik xəritəsi zəlzələlərin hansı formada təzahür etdiyini ortaya çıxaracaq

Bakı, 28 aprel, AZƏRTAC

Abşeronun seysmik təhlükəlilik xəritəsinin tərtib olunması bu ərazidə baş verə biləcək potensial zəlzələlərin yarımadanın müxtəlif hissələrində hansı formada təzahür etdiyini ortaya çıxaracaq. Bununla da, davamlı şəhərsalma, eləcə də, insanların həyatının daha təhlükəsiz edilməsinə dair faydalı məlumatların əldə olunması təmin ediləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Yaponiyadan olan mütəxəssis Matsuo Jun bildirib.

Onun sözlərinə görə, hazırda layihə üzərində iş gedir: “Bizim Azərbaycanda işlərimiz davam edir. Hazırda işlərin orta mərhələsindəyik və sonda burada apardığımız seysmik tədqiqatların nəticələrini Respublika Seysmoloji Xidmət Mərkəz ilə birlikdə ictimaiyyətə təqdim etməyi fikirləşirik”.

Yaponiyalı mütəxəssis qeyd edib ki, 2000-ci ildə Bakıda baş verən zəlzələdən sonra Azərbaycan ilə qurulan əməkdaşlıq çərçivəsində ölkəmizdə seysmik müşahidə sistemi qurulub. “26 illik əməkdaşlığımız uğurla davam edir. Əminəm ki, bundan sonra da əməkdaşlığımız uğurla davam edəcək”,- deyə o diqqətə çatdırıb.

Seçilən
13
2
azertag.az

3Mənbələr