AZ

Ələt AİZ haqda o qərar - Valeh Ələsgərov danışdı

Səlahiyyətli qurum rəhbərinə görə, Ələt AİZ-in fəaliyyəti ilə bağlı işlərin ləng getməsinə dair iddialar yersizdir

Azərbaycanda iqtisadi sahədə həyata keçirilən mühüm layihələrdən biri Ələt Azad İqtisadi Zonasıdır. 2018-ci ildən zonanın fəaliyyətini təmin edəcək qanunverici bazanın formalaşdırılmasına başlandıqdan ötən müddət ərzində zonada istehsal və xidmət sahələrinin yaradılması istiqamətində bir sıra mühüm addımlar atılıb.

Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Musavat.com-a dediyinə görə, artıq zonada iki müəssisə fəaliyyətə başlayıb.

Bunlardan biri Kompozit Panellər zavodudur. Müəssisənin məhsullarına tələbat o qədər yüksəkdir ki, sifarişlər çətinliklə çatdırılır. Digər müəssisə neft quyularından neft çıxarmaq üçün mühərriklərin istehsalı ilə məşğuldur.

Azərbaycan Prezidentinin sərəncamı ilə ilk əvvəldən AİZ üçün 6,5 min hektar ərazi ayırıb. Onun 750 hektarında hava limanı yerləşəcək. Hava limanını AİZ-də qeydiyyatdan keçmiş şirkət tikir. Gələn ilin mart-aprel aylarında artıq hava limanında yükdaşımalar başlayacaq. Bu, zonanın iqtisadi cəlbediciliyini daha da artıracaq: “364 hektar ərazi ağır sənaye üçün ayrılıb. Orada artıq torpaq işləri həyata keçiririk. Ağır sənaye üçün ərazinin hazırlanması, şərtlərin təmin olunması böyük işlər tələb edir. Çünki ağır sənaye müəssisələri enerji tutumlu müəssisələrdir, onları enerji ilə təmin etmək üçün xeyli işlər görülməlidir. Artıq ilk razılaşma var, alüminium istehsal edən böyük bir müəssisə tikiləcək. İlkin mərhələdə ildə 250 min ton alüminium istehsal ediləcək. İstehsal prosesi ümumilikdə 4 mərhələ üzrə qurulacaq. İlkin mərhələ qeyd etdiyim kimi, 250 min ton məhsul istehsalını nəzərdə tutur, sonrakı mərhələlərdə bu həcm daha da artacaq. Ağır sənaye üçün ərazidə neft-kimya müəssisələrinin olması da nəzərdə tutulur”.


Ələt

V.Ələsgərovun dediyinə görə, AİZ-də işləmək üçün müraciətlər çoxdur. Səlahiyyətli qurum Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədi nəzərə alaraq müraciətlər arasından elələrini seçir ki, tələblərə tam uyğun olsun: “İndiyədək 30-a yaxın şirkət rezident statusu alıb, əlavə təkliflər çoxdur, dəyərləndirmə aparırıq. Çin, Türkiyə, İsrail və digər ölkələrin şirkətləri artıq AİZ-də işləmək üçün qeydiyyatdan keçiblər”.

Səlahiyyətli qurum rəhbərinə görə, Ələt AİZ-in fəaliyyəti ilə bağlı işlərin ləng getməsinə dair iddialar yersizdir:

“Qanunvericilik 2019-cu ildən qəbul edilib. Ərazi bizə ayrılıb - heç bir infrastukturu, təminatı olmayan yerdə. 2023-cü ilin iyununda 60 hektarlıq ilk ərazi investorlara təqdim olunub. Hazırda ona bitişik olan 138 hektar ərazidə işləri bitirmək üzrəyik. Paralel olaraq 364 hektarda torpaq işlərini bitirdik. Azərenerji bu il orada böyük yarımstansiya tikintisinə başlayır, çünki ağır sənaye müəssisələri yerləşəcək, enerjiyə tələbat yüksək olacaq. Ümumiyyətlə, dünya təcrübəsinə də baxsaq, görərik ki, belə zonaların fəaliyyətə başlaması asan və tez başagələn proses deyil”.

Ələtin okeana çıxışının olmaması, onu digər uğurlu zonalara nisbətən müəyyən üstünlükdən məhrum edir. V.Ələsgərov deyir ki, bu amilin təsirini azaltmaq üçün daha əlverişli şərtlər təklif olunur:

“Regionda AİZ-lər çoxdur, biz elə şərtlər təklif etməli, elə şərait yaratmalıyıq ki, onların hamısından daha cəlbedici olsun. Eyni zamanda elə seçim etməliyik ki, qarşıya qoyulan məqsədə nail ola bilək. İrlandiya azad zona yaradanda ən kasıb ölkələrdən biriydi. İlk mərhələdə gələn şirkətlərin hamısı xırda-xuruş şirkətlər idi. Ondan sonra tələb qoydular ki, yalnız məhsulunun 90 faizini ixrac edən şirkətlər gələ bilər. Bu, yalnız zonanın deyil, bütövlükdə İrlandiyanın iqtisadiyyatında böyük dəyişikliyə səbəb oldu. Bu gün İrlandiya özündən neçə dəfə böyük ölkələrdən daha çox məhsul ixrac edir. Özü də yüksək səviyyəli məhsullar. Buna görə də cəlbedici olmaq üçün yalnız region ölkələrində deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azad iqtisadi zonaların təcrübəsi öyrənilib, onların qanunvericiliyi, şərtləri və uğur-uğursuzluq səbəbləri təhlil edilib. Bildiyiniz kimi, bu gün dünyada 4500-dən çox azad iqtisadi zona mövcuddur, lakin onların hamısını uğurlu hesab etmək mümkün deyil. Bütün bunları nəzərə almaqla Ələt Azad İqtisadi Zonası elə bir ərazidə yerləşdirilib ki, o, digər zonalarla müqayisədə daha cəlbedici olsun. Bura gələn investorlar öncədən bilirlər ki, onlar həm dəniz yollarından, həm dəmir yollarından, həm də magistral yollardan istifadə edə bilərlər. Buna əlavə olaraq nəzərə almalıyıq ki, yüksək texnoloji məhsullar istehsal edən şirkətlər əksər hallarda artıq yüklərini dəmir yolu və ya avtomobil yolu ilə deyil, hava nəqliyyatı ilə göndərirlər. Bu da onlara həm zamana, həm də xərcə qənaət etməyə şərait yaradır. Ona görə də biz “Silk Way” şirkəti ilə razılığa gəldik. Şirkət Ələt Azad İqtisadi Zonasının rezidentidir, ərazidə böyük bir hava limanının inşasına başlayıb. Bu hava limanı üçün 750 hektar ərazi ayrılıb. Çünki orada tək hava limanı yox, bu hava limanı vasitəsilə yüklərini daşımaq istəyən şirkətlərin mallarının gətirilib saxlanması, paylanması və s. kimi məsələləri təmin etmək üçün də bütün infrastruktur yaradılmalıdır. Hava limanının karqo və biznes aviasiya seqmentləri gələn ilin mart-aprel aylarında istismara veriləcək. İlkin yükaşırma həcmi illik 500 min ton olacaq ki, gələcəkdə bu göstəricinin 1.5 – 2 milyon tona çatdırılması nəzərdə tutulur”.


 İlham Əliyev Ələt aİz-in birinci mərhələsinin açılış mərasimində iştirak etdi

Ələt AİZ-də fəaliyyət göstərən şirkətlər bütün vergi və rüsumlardan azaddır. Eyni zamanda AİZ-də fəaliyyət göstərən şirkətlərə yerli şirkətlərin tədarük etdiyi mal və ximdətlər ƏDV və gömrük rüsumundan azad olacaq:

“Burada əsas məqsəd AİZ-lə əsas iqtisadiyyat arasında əlaqənin yaradılmasıdır. Bu, AİZ-in əsas iqtisadiyyatın inkişafına töhfə verməsi demək olacaq. Biz çalışırıq ki, AİZ-dəki işlərə mümkün olan qədər yerli şirkətləri cəlb edək. Bu, çox önəmli faktordur, AİZ konsepsiyasının əsasında duran amildir. Bundan əlavə, AİZ-də istehsal olunacaq məhsulların Azərbaycan məhsulu kimi sertifikat alması lazım gələcək. Bunun üçünsə həmin məhsulun dəyərinin müəyyən hissəsi Azərbaycanda yaradılmalıdır. Yəni AİZ-də fəaliyyət göstərmək üçün elə tələblər, elə şərtlər müəyyən olunub ki, zona əsas iqtisadiyyatın inkişafına təkan versin”.

Mövcud ixrac infrastrukturu AİZ-də istehsal olunacaq məhsulların ixracını tam təmin edəcək. V.Ələsgərovun sözlərinə görə, yaxın gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması AİZ-in cəlbediciliyini daha da artıracaq:

“Bununla biz Aralıq dənizinə çıxış əldə edəcəyik ki, bu da əlavə üstünlük deməkdir”.

AİZ-də yüksək texnoloji şirkətlərin fəaliyyəti üçün də şərait yaradılacaq. Artıq orada data mərkəzi yaradılması təklifləri var. Bundan əlavə, Çinin “Sunsync” şirkəti zonada günəş panelləri istehsal edən müəssisə quracaq. Bu məqsədlə şirkətə 23 hektar torpaq sahəsi ayrılıb. Eyni zamanda AİZ-də külək elektrik stansiyaları üçün pərlərin istehsalının təmin olunması planlaşdırılır.

Qeyd edək ki, iki gün əvvəl Prezident İlham Əliyev “Ələt” Azad İqtisadi Zonası ilə bağlı fəaliyyətin daha səmərəli təşkili məqsədilə yeni sərəncam imzalayıb. Sənədə əsasən, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən və zonaya daxil olan 1 453,09 hektarlıq torpaq sahəsinin bir hissəsi xüsusi iqtisadi zonanın səlahiyyətli qurumunun istifadəsinə verilib. 

Qərara uyğun olaraq, həmin torpaq sahəsi dövlət mülkiyyəti əsasında, əvəzsiz, müddətsiz və daimi istifadə hüququ ilə “Ələt” Azad İqtisadi Zonası orqanına həvalə olunur. Bu addım zonanın idarəetmə mexanizmlərinin daha çevik və effektiv işləməsinə, eləcə də investorlar üçün hüquqi sabitliyin gücləndirilməsinə xidmət edir. Rəsmi məlumatda bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Ələt” Azad İqtisadi Zonası üzrə səlahiyyətli qurum bu sərəncamdan irəli gələn təşkilati və hüquqi məsələlərin həlli istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

Bundan əlavə, aprelin 21-də Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun III iclası keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, iclasda “Zonada görülmüş işlər, o cümlədən beynəlxalq hava limanının tikintisi, infrastrukturunun qurulması işlərinin icra vəziyyəti, fəaliyyətin səmərəli təşkili və investisiyaların cəlb edilməsi” məsələlər müzakirə olunub.

Dünya SAKİT,
Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr