AZ

Onları mətbuat “öldürür?”

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanda 2026-cı ilin 3 ayında 7 min 738 cinayət qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin 3 ayında əməliyyat -axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub. 

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib. 

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub. 

Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb. Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb, eyni zamanda yol-nəqliyyat hadisələrinin sayı 15 fakt, qəzalarda ölənlərin sayı 9 nəfər, xəsarət alanların sayı 44 nəfər az olub. 

Bununla yanaşı, son vaxtlar xüsusilə də ailə münaqişəsi zəmində törədilən cinayətlərlə bağlı məlumatlara daha çox rast gəlinir. Sovet dövründə belə məlumatların daha çox yayılmaması nəticəsində vətəndaşlar bəlkə də belə hadisələrin az olduğu qənaətində idi. Hazırda belə məlumatların geniş yayılması belə cinayətlərin atmasını şərtləndirir? 

Məsələ ilə bağlı hüquqşünas Roman Qaraşov “Cebheinfo.az”-a bildirib ki, qarşılaşdığımız vəziyyəti statistik artım deyil, prosessual şəffaflıq və informasiya operativliyi kimi xarakterizə etmək daha dürüst yanaşma olar: 

“Sovet hüquq sistemində cinayətkarlıqla bağlı məlumatlar dövlət təhlükəsizliyi və ideoloji reputasiya naminə qapalı saxlanılır, cinayətin latentlik (gizlilik) dərəcəsi süni şəkildə yüksək tutulurdu. Bu gün isə informasiya resurslarının liberallaşması və vətəndaşların hüquqi müdafiə mexanizmlərinə çıxışının asanlaşması, əvvəllər "bağlı qapılar arxasında" qalan hadisələrin hüquqi müstəviyə daşınmasına və ictimailəşməsinə şərait yaradıb. Yəni cəmiyyətdə yaranan artım qavrayışı, əslində illərdir mövcud olan, lakin gizli qalan hüquqpozmaların artıq hüquq-mühafizə orqanlarının və medianın gündəminə çevrilməsindən qaynaqlanır”. 

Vəkil öz təcrübəsində müşahidə etdiyi bir məqamı qeyd edib:

“Cinayətkarlığın kəmiyyətində deyil, strukturunda ciddi transformasiyalar baş verir. Müasir dövrün gətirdiyi rəqəmsallaşma kibercinayətkarlığın və mürəkkəb iqtisadi fırıldaqçılıq sxemlərinin artmasına rəvac verib. 

Bu isə fərdlərdə daha güclü bir "təhlükə hissi" yaradır, çünki cinayət artıq yalnız fiziki məkanda deyil, həm də virtual müstəvidə hər kəsin qarşısına çıxa bilir. 

Eyni zamanda, məişət zorakılığı və narkotik vasitələrin dövriyyəsi kimi məsələlərdə dövlətin cəza siyasətinin və ictimai qınağın sərtləşməsi, bu qəbildən olan işlərin daha çox qeydiyyata alınmasına səbəb olur. 

Nəticə etibarilə, biz cinayətkarlığın artdığı bir cəmiyyətdə deyil, cinayətə qarşı hüquqi reaksiyanın və məlumatlılıq səviyyəsinin yüksəldiyi bir keçid dövründə yaşayırıq”.

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

cinayət Roman Qaraşov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr