AZ

Çexiyanın təklif etdiyi bu təyyarə ordumuza lazımdır? –Polkovnikdən AÇIQLAMA

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana yeni hərbi təlim təyyarəsi "L-39NG" təklif edib.

Bəs Azərbaycanın belə bir təyyarəyə ehtiyacı varmı?

Mövzu ilə bağlı hərbi ekspert, polkovnik Şair Ramaldanov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu təklifin verilməsi gözlənilən idi:

"Ümumiyyətlə deyim ki, Azərbaycana əksər ölkələrin hərbi-sənaye kompleksləri və müdafiə sənayesi olan dövlətlər tərəfindən istehsal olunan məhsul və texnikaların təklifləri həmişə olub. Hərbi Hava Qüvvələri ilə bağlı, Azərbaycan üçün təlim təyyarələri ilə bağlı hələ ki, Pakistandan alınması barədə məlumatlar var. Hazırda Azərbaycanda bu təyyarələr mövcuddur və Azərbaycanın JF-17 təyyarələrinin alınması ilə bağlı böyük müqaviləsi var. Hətta bu təyyarə 4+ tələblərinə, müasir standartlara cavab verən bir təyyarədir və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə bu təyyarələrin Azərbaycanın hava məkanında müşahidə olunmasının şahidi olmuşuq. İlham Əliyev Vətən müharibəsindən sonra belə bir fikir söylədi ki, biz indi bütün münasibətlərimizi müharibə vaxtı Azərbaycanı dəstəkləyən ölkələrlə qururuq və daha sıx əməkdaşlıq edəcəyik. Pakistan Respublikası məhz Azərbaycanın yanında olması, mənəvi dayaq göstərməsi ilə seçilən ölkələr sırasındadır. Qardaş Türkiyə və dost Pakistan bu sıradadır. Ona görə də düşünürəm ki, Pakistan təyyarələrinin bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində olması müəyyən məntiqi əsaslara söykənir".

O ki qaldı Çexiyanın L-39NG təyyarəsinə, polkovnikin fikrincə, Azərbaycanın müvafiq qurumları, strukturları və mütəxəssisləri tərəfindən bu təyyarə haqqında məlumatlar öyrənilməli və peşəkar rəy formalaşdırılmalıdır.

"Onun Azərbaycana ehtiyacı olub-olmadığı və Azərbaycan Hərbi Hava Qüvvələrinin sisteminə daxil ola bilməsi barədə, əlbəttə, qərar müvafiq mütəxəssislərin rəylərindən irəli gələn təkliflər əsasında qəbul olunacaq. Ona görə də bu gün düşünmürəm ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin hazırda bu təyyarəyə ehtiyacı olması ilə bağlı hər hansı məlumat var. Bundan sonra isə hesab edirəm ki, əgər müsbət qərar formalaşsa və müvafiq komissiya tərəfindən təklif irəli sürülsə, bu məsələyə baxılması istisna deyil", - deyə Ramaldanov bildirdi.

NURİYYƏ

Seçilən
65
1
redaktor.az

2Mənbələr