AZ

Azərbaycan-Çexiya əməkdaşlığının böyük hissəsi enerji sektoruna aiddir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. 

Belə səfərlərdən biridə aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri oldu. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər.

Çexiyanın Baş nazirinin bu səfəri məhz iqtisadi reallıqlar fonunda formalaşan yeni əməkdaşlıq istiqamətlərinin göstəricisidir. Səfər həm ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həm də Azərbaycanın Avropa ilə əlaqələrində artan rolunu əks etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər həm regional, həm də Avropa miqyasında dəyişən geosiyasi və iqtisadi reallıqların göstəricisi kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə qeyd edək ki, Azərbaycan və Çexiya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən ölkələr kimi çıxış edir. Bu münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun bir daha təsdiqidir. Son illərdə ölkəyə müxtəlif Avropa liderlərinin səfərlərinin intensivləşməsi onu göstərir ki, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də siyasi dialoq və regional sabitlik baxımından etibarlı tərəfdaş kimi qəbul olunur. Bu baxımdan Çexiyanın marağı da təsadüfi deyil. Avropa ölkələri üçün Cənubi Qafqazda sabit və proqnozlaşdırıla bilən tərəfdaşın olması həm enerji təhlükəsizliyi, həm də nəqliyyat dəhlizlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bir sözlə, qarşılıqlı ticarətin artması, yeni investisiya imkanlarının müzakirəsi və xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri bu münasibətlərin daha dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. 

Onuda qeyd edək ki, çex şirkətlərinin sənaye, energetika və texnologiya sahələrində təcrübəsi Azərbaycan üçün faydalı ola bilər. Energetika sahəsində əməkdaşlıq isə Azərbaycanın beynəlxalq mövqeyinin əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycanın etibarlı enerji təchizatçısı kimi tanınması, xüsusilə Avropa üçün alternativ enerji mənbəyi rolunu oynaması ölkənin geosiyasi əhəmiyyətini artırır. Azərbaycan qazının Avropa bazarına çıxışı və bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynaması rəsmi Bakının strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu, həm iqtisadi gəlirlərin təmin olunması, həm də siyasi təsir imkanlarının genişlənməsi baxımından vacibdir.

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın milli maraqlarına uyğun olaraq siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində kompleks və strateji əməkdaşlıq modelini ortaya qoyur. Çexiya ilə münasibətlərin inkişafı yalnız ikitərəfli deyil, həm də Azərbaycanın Avropa ilə inteqrasiyası və beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əbilfəz Mahmudov,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, energetik

Seçilən
0
2
ikisahil.az

3Mənbələr