Qərbin əsas hərbi alyansı (NATO) daxilində yeni format müzakirə olunur.
Musavat.com xəbər verir ki, NATO liderlərinin illik sammitlərinin ləğvi və ya daha seyrək keçirilməsi variantı nəzərdən keçirilir.
"Reuters" agentliyinə danışan mənbələrin bildirdiyinə görə, bu addım mümkün gərgin görüşlərdən, xüsusilə də ABŞ prezidenti Donald Trampın iştirakı ilə bağlı riskləri azaltmaq məqsədi daşıyır.
Mənbələrin sözlərinə görə, variantlardan biri sammitlərin iki ildən bir keçirilməsidir. Həmçinin, Trampın prezidentliyinin son ili olan 2028-ci ildə sammitin ümumiyyətlə keçirilməməsi ehtimalı da müzakirə olunur.
Qərarın qəbulunda son sözün alyansın baş katibi Mark Rütteyə məxsus olduğu qeyd edilir.
Xatırladaq ki, NATO sammitləri 2021-ci ildən etibarən hər il keçirilir. Daha əvvəl isə bu görüşlər iki ildən bir təşkil olunurdu. Növbəti sammitin iyulun əvvəlində Türkiyədə keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, Trampın NATO müttəfiqlərinə yönəlmiş tənqidləri son dövrlərdə artıb və bu, alyans daxilində müəyyən gərginlik yaradıb.
Musavat.com