Bu gündən Xocalı rayonunun Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.
Moderator.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.
Xanabad, Təzəbinə kəndlərində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 28-i günün sonunadək davam edəcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Xanabad və Təzəbinə kəndlərində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.
Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.