AZ

Azərbaycan regional sabitlikdə rolunu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini möhkəmləndirir - ŞƏRH

Bakı, 28 aprel, AZƏRTAC

Çexiya Prezidentinin Azərbaycana rəsmi səfəri ölkəmizin regionda sabit və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Komitə sədrinin sözlərinə görə, Çexiya Prezidentinin səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

“Bu səfər yalnız siyasi dialoqun dərinləşməsi ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, sənaye və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi üçün real zəmin yaradır. Qarşılıqlı səfərlər və yüksək səviyyəli təmaslar dövlətlərarası əlaqələrin institusional əsaslarını daha da gücləndirir. Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında əsas aktorlardan biridir. Ölkəmizin həyata keçirdiyi siyasət yalnız milli maraqlara xidmət etmir, həm də regionda davamlı inkişafın və əməkdaşlığın təşviqinə yönəlib. Bu baxımdan Azərbaycan həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində balanslaşdırılmış yanaşma nümayiş etdirir.

Hazırkı mürəkkəb geosiyasi şəraitdə enerji təhlükəsizliyi məsələsi qlobal gündəliyin əsas prioritetlərindən biridir. Xüsusilə Avropa ölkələri üçün alternativ və dayanıqlı enerji mənbələrinin təmin olunması strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib və Avropanın enerji xəritəsində mühüm yer tutur”, - deyə Arzu Nağıyev vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi Avropaya enerji resurslarının təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edir: “Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır, çünki onlar enerji marşrutlarının şaxələndirilməsinə və tədarük risklərinin azaldılmasına xidmət edir. Azərbaycanın enerji siyasəti uzunmüddətli tərəfdaşlığa əsaslanır və bu siyasət qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlib. Bu baxımdan Çexiya ilə əməkdaşlıq xüsusi diqqət çəkir. Orta Avropa regionunda yerləşən bu ölkə Azərbaycanın enerji resurslarının daha geniş coğrafiyaya çıxarılması baxımından mühüm rol oynaya bilər. Enerji ilə yanaşı, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də Azərbaycanın strateji əhəmiyyətini artırır. Xüsusilə Orta Dəhliz təşəbbüsü Avropa ilə Asiya arasında yeni və daha səmərəli əlaqələrin qurulmasına imkan yaradır. Bu marşrut vasitəsilə yükdaşımaların həcmi artır, region ölkələri arasında iqtisadi inteqrasiya güclənir”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın təhlükəsizlik sahəsində apardığı siyasət də beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Regional sabitliyin qorunması, terrorizmə və transmilli təhdidlərə qarşı mübarizə istiqamətində görülən işlər ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirir.

Arzu Nağıyev vurğulayıb ki, Çexiya Prezidentinin səfəri Avropa ölkələrinin Azərbaycana artan marağının bariz nümunəsidir. Bu maraq enerji ilə yanaşı, sənaye əməkdaşlığı, investisiya imkanları, rəqəmsal inkişaf və yüksək texnologiyalar kimi sahələri də əhatə edir. Qarşılıqlı iqtisadi layihələrin reallaşdırılması hər iki ölkənin milli maraqlarına uyğun olmaqla yanaşı, regionda sabitliyin və rifahın artmasına xidmət edir.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
64
1
azertag.az

2Mənbələr