Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 103 il ötür.
Aznews.az xəbər verir ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedib, xəstəlik ocaqlarını aşkarlayıb, göz həkimlərinə mühazirələr oxuyub, əhali arasında söhbətlər aparıb.
Çox keçmədən Zərifə Əliyeva traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunub və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb.
Zərifə Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.