AZ

AzMİU-da “Dizayn həftəsi”nə start verilib: Yaradıcılıq, innovasiya və WUF13 ruhu bir arada

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti böyük yaradıcılıq platforması olan “Dizayn həftəsi”nə start verilib.

Unıversıtetdən AZƏRTAC-a bildirilib ki, mayın 1-dək davam edəcək layihə çərçivəsində ustad dərsləri, panel müzakirələr, sərgilər, açıq qapı günləri, performanslar və yekun təqdimat tədbirləri keçiriləcək.

AzMİU-nun Dizayn fakültəsinin təşkilatçılığı ilə reallaşan “Dizayn həftəsi” bu il xüsusi əhəmiyyət daşıyır. Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilir və Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində gənclərin yaradıcılıq potensialının ortaya çıxarılmasına xidmət edir.

Layihənin əsas məqsədi tələbələri müasir dizayn düşüncəsi, qlobal yaradıcılıq trendləri, texnologiya əsaslı həllər və dayanıqlı şəhər mühiti anlayışları ilə yaxından tanış etməkdir. Bu baxımdan “Dizayn həftəsi” təkcə fakültədaxili tədbir deyil, həm də gələcəyin şəhərlərinin estetik və funksional baxışlarının formalaşdırıldığı intellektual platformadır.

Bu istiqamətdə AzMİU-nun beynəlxalq nailiyyətləri də diqqət çəkir. Universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə yer alaraq Dizayn sahəsi üzrə ölkəni təmsil edən, dünyada isə 250 ən yaxşı ali təhsil müəssisəsindən biri kimi çıxış edib ki, bu da ali təhsil müəssisəsində formalaşmış güclü akademik mühitin və yaradıcı təhsil modelinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Tədbirin proqramı zənginliyi ilə seçilir. İlk gün “Ustad dərsləri günü” çərçivəsində qrafik və media dizaynı, mühit dizaynı, təsviri incəsənət, dekorativ-tətbiqi sənət və interyer istiqamətləri üzrə tanınmış müəllimlər, praktik mütəxəssislər və yaradıcı şəxslər tələbələrlə görüşəcək. Müasir qrafik dizaynda süni intellektin təsiri, rəqəmsal yaradıcılıq, kompozisiya strukturları, modul və mobil mebel sistemləri, yaşıl memarlıq yanaşmaları kimi aktual mövzular müzakirə olunacaq.

Aprelin 29-da “Dizayn həftəsi”nin rəsmi açılış günü keçiriləcək. Proqram çərçivəsində qonaq universitetlərin tələbələrinin işlərindən ibarət sərgilər təşkil olunacaq, universitet-sənaye əməkdaşlığı istiqamətində mühüm görüşlər keçiriləcək. Həmçinin yeni memorandumların imzalanması nəzərdə tutulur. Bu isə AzMİU-nun yaradıcı sənaye sektoru ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini göstərir. Eyni zamanda, “Dizayn həftəsi” çərçivəsində AzMİU ilə bir sıra tərəfdaş universitetlər arasında əməkdaşlıq sənədlərinin imzalanması, tələbə işlərindən ibarət beynəlxalq sərgilərin təşkili və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Bu təşəbbüs universitetin beynəlxalq dizayn təhsili şəbəkəsində mövqeyinin daha da gücləndirilməsinə xidmət edir. Aprelin 30-da keçiriləcək panel müzakirələrin əsas mövzularından biri “Dizaynda süni intellekt” olacaq. Müzakirələrdə sahə üzrə mütəxəssislər, universitet nümayəndələri və sənaye təmsilçiləri iştirak edərək süni intellektin dizayn proseslərinə təsiri, yeni peşə vərdişləri, rəqəmsal transformasiya və gələcəyin yaradıcı iqtisadiyyatı barədə fikir mübadiləsi aparacaqlar. Mayın 1-də isə “Dizayn həftəsi”nin yekun tədbiri keçiriləcək. Burada tələbə və müəllimlərin seçilmiş yaradıcılıq işlərindən ibarət sərgi-satış təşkil olunacaq. Sosial həssas qruplara dəstək məqsədi daşıyan bu təşəbbüs layihənin sosial məsuliyyət yönünü də ön plana çıxarır.

“Dizayn həftəsi” tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək, onları real sektorla əlaqələndirmək, yaradıcı potensiallarını üzə çıxarmaq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, WUF13 ərəfəsində keçirilən bu cür tədbirlər AzMİU-nun memarlıq, dizayn və şəhərsalma sahələrində ölkənin aparıcı ali təhsil müəssisəsi kimi rolunu bir daha nümayiş etdirir. “Dizayn həftəsi” gənclərin ideyalarının, estetik baxışlarının və innovativ düşüncələrinin gələcəyin şəhərlərinə çevrilməsi yolunda önəmli addım hesab olunur.

 

Seçilən
1
27
azertag.az

10Mənbələr