Qanunvericilikdə boşluqlar aşkarlanıb, hökumət infrastrukturun qorunmasını gücləndirməyə çalışır...
Yaponiya hakimiyyəti “Mythos” tipli süni intellekt modellərinin törədə biləcəyi kiberhücumlara qarşı müdafiə mexanizmlərini gücləndirməyə hazırlaşır.
Poliqon xəbər verir ki, bu barədə The Asahi Shimbun məlumat yayıb. Bildirilir ki, ölkənin rabitə naziri Yoşimasa Hayaşi mövcud qanunvericilikdə boşluqların olduğunu və bunun mümkün kiberhücumlara operativ cavab verilməsini çətinləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, mürəkkəb kiberhücumlara qarşı mübarizə “təcili məsələ” kimi qiymətləndirilir.
Məlumata görə, 2025-ci ilin may ayında Yaponiya hökuməti kiberhücumların qarşısının alınması və kritik infrastrukturun qorunmasının gücləndirilməsi ilə bağlı qanun qəbul edib. Lakin bu sənəddə “Mythos” kimi yüksək səviyyəli süni intellekt texnologiyalarının yarada biləcəyi təhlükələr nəzərə alınmayıb.
Qeyd olunur ki, elektrik stansiyaları, telekommunikasiya şəbəkələri, dəmir yolları və hava limanları kimi əsas infrastruktur obyektlərinə edilə biləcək hücumlar iqtisadi fəaliyyətə və gündəlik həyata ciddi təsir göstərə bilər.
Hakim Liberal Demokrat Partiyası dövlət qurumlarını daha güclü müdafiə sistemləri qurmağa çağırıb. Bu istiqamətdə işlərin sürətləndirildiyi bildirilir.
Aprelin 20-də keçirilən fövqəladə partiya iclasına süni intellekt sahəsində fəaliyyət göstərən Anthropic şirkətinin nümayəndələri dəvət olunub. Şirkətin Yaponiya ilə əməkdaşlığa və mövcud problemlərin həllinə dəstək verməyə hazır olduğu qeyd edilir.
Poliqon.info