Xəbər verildiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycana son rəsmi səfəri çərçivəsində Moskvanın razılığı ilə Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu bildirib. Az sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bunu istisna etmədiyini bildirib. O, Moskvanın ABŞ və Ukrayna ilə Baklıda danışıqlara razılıq verə biləcəyini söyləyib.
V.Cabarov həmçinin Azərbaycanın danışıqlar üçün optimal yer olduğunu vurğulayıb. O, Moskva ilə Bakının hazırda yaxşı münasibətlərinin olduğunu da qeyd edib: “Əgər rəsmi Bakı danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, düşünürəm ki, Rusiya nümayəndələri heç bir problem olmadan Azərbaycana yollana bilərlər”.
Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov da oxşar fikirlər söyləyib. Onun sözlərinə görə, Azərbaycan belə görüşlər üçün “layiqli məkan” sayıla bilər, lakin hazırda əsas məsələ görüşün keçirilmə yeri deyil, onun konkret məqsədidir. O əlavə edib ki, Ukrayna ilə Rusiya arasında mövqelər kəskin şəkildə fərqlənir və diplomatlar hələlik ortaq məxrəcə gələ bilmirlər.
Azərbaycan düşməni, deputat Konstantin Zatulin isə bu məsələdə də öz murdar xislətini büruzə verib. O, təklifin əleyhinə çıxıb. Guya Azərbaycan Rusiya ilə münasibətlərdə “ikili oyun” oynayır və etibarlı tərəfdaş deyil.
Bəs Azərbaycanın hər iki tərəflə normal münasibətlərə malik ölkə kimi ikitərəfli danışıqlara ev sahibliyi eləməsi mümkünmü? Bu nə vaxt reallaşa bilər?
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Azərbaycan Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün ən uyğun məkanlardan biridir. Azərbaycan bütün regionda, o cümlədən Rusiya ilə Ukrayna arasında sülhün olmasında maraqlıdır və bunu öz siyasəti ilə indiyə qədər sübut edib: “Gərginlik vəziyyətində olan ölkələrin münasibətlərinin düzəlməsi üçün Azərbaycanın vasitəçilik təcrübəsi də var. Qardaş Türkiyə ilə dost İsrail arasında illər əvvəl gərginlik az qala müharibə həddinə çatmaq üzrə idi. Azərbaycan tərəflər arasında münasibətlərin gərginlik fazasından çıxarılması üçün addımlar atdı və vəziyyət yumşaldı.
Eyni zamanında NATO-Rusiya gərginliyinin hökm sürdüyü dövrdə Bakıda NATO və Rusiya arasında hərbi rəhbərlik səviyyəsində görüşlər keçirilib.
Azərbaycanın tərəfkeşlik etmədən sülh naminə barışdırıcılıq mövqeyində olması Bakını sülh danışıqları üçün ən uyğun məkan səviyyəsinə gətirib çıxarıb”.
Konstantin Zatulinin yenə anti-Azərbaycan iddiaları ilə çıxış etməsinə gəlincə, politoloq qeyd edib ki, Zatulindən başqa mövqe gözləməyə dəyməz, o, bir Azərbaycan və sülh düşmənidir:
“Ümumiyyətlə belə, görünür ki, Rusiyada Azərbaycana münasibətdə hakimiyyət daxilində və siyasi çevrələrdə bir-biri ilə ziddiyyət təşkil edən qruplar var. Azərbaycana normal, müsbət münasibət bəsləyən, Azərbaycanla yaxşı münasibətlər saxlamağın tərəfdarı olanlar var, bunun əksinə çıxan və Rusiya ilə Azərbaycan arasında daim gərginlik yaşanmasını istəyən, Rusiya-Azərbaycan arasında etimadsızlıq mühiti yaratmağa çalışan qüvvələr də mövcuddur. Zatulin məhz ikincilərdəndir”.
Etibar Seyidağa,
Musavat.com