"Biz onsuz da qeyd etmişdik ki, ayın 9-da keçirilən buraxılış imtahanı çətin idi. Ayın 15-də keçirilən buraxılış imtahanı ilə bağlı şagirdlər və abituriyentlər də bildirirdilər ki, ayın 9-da keçirilən imtahana nisbətən daha çətin tərtib olunmuşdu. Amma ayın 15-də keçirilən imtahan da çətin idi. Keçən illə müqayisədə çətin idi. Lakin ayın 9-u ilə ayın 15-i müqayisə ediləndə ayın 9-un daha çətin olduğu qeyd olunurdu. Bu nəticələr də artıq açıq şəkildə ortadadır. Çünki ayın 9-da 2 nəfər 300 maksimal bal toplayıb, ayın 15-də isə 9 nəfər 300 maksimal bal toplayıb. Bu, keçən illə müqayisədə hər iki imtahanın çətin olduğunu göstərir. Ümumilikdə isə buraxılış imtahanının çətin olması heç də arzuolunan deyil. Bunu əvvəllər də qeyd etmişdik. Arzuolunan odur ki, buraxılış imtahanları balanslı olsun".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin 15 martda keçirdiyi buraxılış imtahanlarının nəticələri açıqlanandan sonra imtahanların çətinlik səviyyəsi yenidən ictimai müzakirələrə səbəb olub. Valideynlər və məzunlar imtahan suallarının gözləniləndən daha çətin olduğunu, xüsusilə açıq tipli sualların şagirdlərə vaxt baxımından çətinlik yaratdığını bildirirlər. Onların fikrincə, imtahan zamanı yaranan gərginlik bir çox şagirdin diqqətini yayındırıb və bu da cavab səhvlərinə gətirib çıxarıb. Qeyd edək ki, DİM-in açıqladığı rəsmi məlumata əsasən, 15 mart tarixində keçirilən buraxılış imtahanlarında 9 nəfər maksimum nəticə — 300 bal toplayıb.
Ekspert qeyd edib ki, buraxılış imtahanına yalnız universitetə qəbul olunanlar deyil, attestat almaq üçün imtahan verən şagirdlər də qatılır.