AZ

Qara dənizin təhlükəsizliyi NATO-nun diqqətində

Buxarest, 27 aprel, AZƏRTAC

Rumıniyanın təşəbbüsü ilə NATO çərçivəsində Qara dənizin təhlükəsizliyinə həsr olunmuş xüsusi iclas keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu məlumat verib.

Nazirin sözlərinə görə, iclas yaxın həftələr ərzində təşkil olunacaq və burada Qara dəniz regionunda təhlükəsizlik məsələləri, o cümlədən Dunay deltası ilə bağlı vəziyyət müzakirə ediləcək.

Oana Tsoyu qeyd edib ki, toplantıda NATO müttəfiqləri arasında koordinasiyanın gücləndirilməsi, ümumi müdafiə səylərinin artırılması və Şərq cinahının daha da möhkəmləndirilməsi məsələləri gündəmdə olacaq.

Nazir bildirib ki, baş verən son hadisələrlə bağlı bütün müttəfiqlər məlumatlandırılıb və NATO-nun Baş katibi Mark Rutte də prosesdən xəbərdardır.

Məlumata görə, iclas çərçivəsində regionda təhlükəsizlik risklərinə qarşı kollektiv yanaşma və əlavə resursların ayrılması məsələləri də müzakirə ediləcək.

Qeyd olunur ki, Rumıniya Qara dəniz regionunda təhlükəsizliyin gücləndirilməsini NATO gündəliyində prioritet məsələlərdən biri kimi irəli sürür.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Seçilən
37
azertag.az

1Mənbələr