AZ

"Valideynin aqressiyası və travmaları istər-istəməz övlada ötürülür" - Gülşən Rüstəmova

"Aqressiya məsələsi olduqca dərin və çoxşaxəli mövzudur. İnsanlar bəzən aqressiyanı sadəcə hirs kimi qəbul edir və bu da yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Halbuki aqressiya daha çox ifadə olunmamış duyğularla bağlıdır. Duyğular isə müxtəlifdir: həm müsbət, həm də mənfi emosiyalar bu anlayışa daxildir".

Bu fikirləri Redaktor.az-a klinik psixoloq Gülşən Rüstəmova son zamanlarda gənclərdə müşahidə edilən aqressiyadan danışarkən səsləndirdi.

Onun sözlərinə görə, duyğularımızı ifadə edə bilmədikdə və ya etməkdən çəkinəndə, yaxud onları ünvanına çatdırmağa cəsarət tapmadıqda bu hisslər şüuraltımızda yığılaraq bir növ “düyünə”, sanki “qara ləkəyə” çevrilir:

"Zaman keçdikcə bu yığılan emosiyalar zehində daha çox yer tutur və sadə dillə desək, bir mexanizm kimi işləyərək günlərin birində partlama nöqtəsinə çatır. Bəs bunun qarşısını almaq üçün nə etmək olar? İlk növbədə valideynlər öz üzərlərində işləməlidirlər. Onlar öz həyat tərzlərini, düşüncə sistemlərini və psixoloji vəziyyətlərini dəyərləndirməlidirlər. Çünki valideyn olmaq sadəcə “hamı kimi mən də valideyn oldum” demək deyil. Bu, çox dərin məsuliyyət tələb edən bir roldur. Valideyn anlamalıdır ki, o, bəzən özü belə qəbul etmədiyi və ya narazı olduğu bir cəmiyyətə yeni bir fərd gətirir. Bu zaman valideynin öz duyğuları, aqressiyası, kompleksləri və travmaları istər-istəməz övlada ötürülür. Uşaq dünyaya gəldiyi andan etibarən artıq valideynin emosional yükünü də daşımağa başlayır. Təsəvvür edin ki, belə bir mühitdə böyüyən uşaq kiçik bir təzyiq və ya şiddətlə qarşılaşdıqda, bu, onun daxilində böyük aqressiya dalğasına çevrilə bilər. Xüsusilə yeniyetməlik dövründə hormonal dəyişikliklərin, maddələr mübadiləsinin və ümumilikdə orqanizmdəki fizioloji proseslərin sürətlə dəyişdiyi bir mərhələdə sinir sistemində bu cür gərginliklərin yaranması olduqca təbii haldır".

Psixoloq əlavə etdi ki, əgər valideynlər övlad sahibi olmağın mahiyyətini dərk edirsə, ilk növbədə özləri ilə məşğul olmalıdır:

"Düşünməliyik ki, bizdən doğulan bir fərd bizim hansı xüsusiyyətlərimizi, hansı emosional yüklərimizi daşıyacaq. Çünki genetik və psixoloji ötürülmə hər zaman yalnız müsbət məzmun daşımır. Təəssüf ki, biz çox vaxt psixoloji immunitetimizi gücləndirməyə lazımi diqqət ayırmırıq. Halbuki bu, insanın xarici təsirlərə qarşı dayanıqlığını müəyyən edən əsas amillərdəndir. Maraqlıdır ki, valideynlər övladlarında fiziki və ya nitq problemləri (məsələn, disleksiya və ya davranış pozuntuları) müşahidə etdikdə dərhal mütəxəssisə müraciət etməyə çalışırlar. Lakin uşağın emosional vəziyyəti çox vaxt arxa plana keçir. Əslində isə ən çox diqqət yetirilməli sahələrdən biri məhz emosional inkişafdır. Çünki insanın formalaşdığı və cəmiyyətə uyğunlaşdığı əsas mərhələ yeniyetməlik dövrüdür. Bu dövrdə uşaqlarda baş verən dəyişikliklər bütün dünyada qəbul edilən bir reallıqdır və bu mərhələdə düzgün yanaşma xüsusi əhəmiyyət daşıyır".

Müsahibimizin fikrincə, “nəzarət” anlayışı da çox vaxt yanlış başa düşülür.

"Bir çox valideyn nəzarəti uşağın telefonunu yoxlamaq və ya onu evdən kənara buraxmamaq kimi qəbul edir. Halbuki nəzarət bu deyil. Nəzarət uşağın emosional dünyasını anlamaq, onunla ünsiyyət qurmaq, onu dinləmək və düzgün istiqamətləndirmək deməkdir. Bu baxımdan hesab edirəm ki, həm mütəxəssislər, həm kütləvi informasiya vasitələri, həm də bu sahədə fəaliyyət göstərən qurumlar valideynlər arasında maarifləndirmə işini daha da gücləndirməlidirlər. Çünki “dama-dama göl olar” prinsipi ilə bu sahədə atılan kiçik addımlar belə gələcəkdə daha sağlam cəmiyyətin formalaşmasına töhfə verə bilər", - deyə Gülşən Rüstəmova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
50
redaktor.az

1Mənbələr