AZ

Azərbaycanın balanslı və prinsipial xarici siyasəti beynəlxalq etimadı daha da möhkəmləndirir ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən birgə bəyanatlar ölkəmizin müstəqil, balanslı və çoxvektorlu xarici siyasət kursunun növbəti dəfə yüksək səviyyədə nümayişi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat əlavə edib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin artdığı, qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir dövrdə Azərbaycanın sərgilədiyi müstəqil mövqe xüsusi diqqət çəkir. Onun sözlərinə görə, rəsmi Bakı heç bir siyasi blokun təsiri altına düşmədən milli maraqlara əsaslanan praqmatik siyasət həyata keçirir və bu yanaşma ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.

B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın xarici siyasətində Ukrayna ilə münasibətlər hər zaman xüsusi yer tutub.

“Bu əlaqələr yalnız diplomatik münasibətlərlə məhdudlaşmayaraq, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Ötən illər ərzində qarşılıqlı səfərlər, yüksək səviyyəli təmaslar və imzalanmış sənədlər bu əməkdaşlığın institusional əsaslarını daha da gücləndirib. Siyasi dialoqla yanaşı, iqtisadi sahədə əməkdaşlıq da dinamik inkişaf edir. Xüsusilə SOCAR-ın Ukraynada həyata keçirdiyi layihələr enerji sektorunda mühüm rol oynamaqla yanaşı, bu ölkənin iqtisadi sabitliyinə və inkişafına ciddi töhfələr verir. Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və alternativ enerji sahəsində əməkdaşlıq perspektivləri də münasibətlərin gələcək inkişafı üçün geniş imkanlar yaradır.

Bu kontekstdə ölkəmiz Ukraynanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir və bu mövqeyini açıq bəyan edir. Eyni zamanda, Rusiya-Ukrayna münaqişəsi fonunda Azərbaycan humanitar dəyərləri ön planda saxlayaraq Ukrayna xalqına mütəmadi humanitar yardımlar göstərir. Bu yardımlar enerji avadanlıqları, tibbi ləvazimatlar və digər zəruri ehtiyacları əhatə etməklə ölkəmizin məsuliyyətli beynəlxalq aktor kimi çıxış etdiyini təsdiqləyir”, - deyə B.Məhərrəmov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycanın humanitar diplomatiyası yalnız Ukrayna istiqaməti ilə məhdudlaşmır, ümumilikdə beynəlxalq miqyasda sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə xidmət edir. Bu isə ölkəmizin yumşaq güc elementlərini gücləndirən mühüm amillərdən biridir.

B.Məhərrəmov diqqətə çatdırıb ki, hazırda beynəlxalq sistemdə qarşıdurma elementlərinin gücləndiyi, yeni geosiyasi konfiqurasiyanın formalaşdığı bir şəraitdə vasitəçilik təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir: “Bu baxımdan Ukrayna Prezidentinin Azərbaycanın mümkün vasitəçi rolunda çıxış etməsi ilə bağlı səsləndirdiyi fikir təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın balanslı siyasətinə, obyektiv mövqeyinə və etimad doğuran beynəlxalq davranış modelinə verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan indiyədək müxtəlif beynəlxalq platformalarda dialoq və əməkdaşlıq mühitinin formalaşdırılmasına mühüm töhfələr verib və bu təcrübə ölkəmizin potensial vasitəçi kimi çıxış etmə imkanlarını daha da artırır. Eyni zamanda, rəsmi Bakının hər zaman ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yanaşması belə təşəbbüslərin uğur qazanması üçün mühüm zəmin yaradır”.

Müxbir-Vüqar Qurbanoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
azertag.az

10Mənbələr