AZ

Eyni gündə iki futbol mənzərəsi: Qəbələdə həm bu gün, həm gələcək – REPORTAJ

Qəbələ, 27 aprel, AZƏRTAC

AFFA-nın Qəbələyə təşkil etdiyi iki günlük səfər çərçivəsində yolumuz bu dəfə həm Azərbaycan futbolunun gələcəyinə, həm də bu gününə düşdü. Səfərin ən maraqlı tərəfi isə hər iki prosesin – U-20 millisinin hazırlığı və Premyer Liqa oyununun eyni günə təsadüf etməsi oldu.

Günün ilk yarısında istiqamətimiz təlim-məşq bazası idi. Qəbələdə toplanışda olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası məşqlərini davam etdirirdi. Komandada iş prosesi kifayət qədər ciddi və planlı qurulmuşdu. Məşq zamanı futbolçuların həm fiziki hazırlığı, həm də taktiki düşüncəsi üzərində xüsusi dayanılırdı. Sürətli ötürmələr, mövqe seçimi və komanda halında hərəkət elementləri diqqət mərkəzində idi.

Məşq prosesindən aydın hiss olunurdu ki, bu toplanış sıradan bir hazırlıq mərhələsi deyil. Qarşıya qoyulan əsas hədəf 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi dünya çempionatına yüksək səviyyədə hazırlaşmaqdır. Gənc futbolçuların istəyi və məşqçilər heyətinin tələbkarlığı isə komandanın bu məqsədə ciddi yanaşdığını göstərirdi. Meydandakı dinamika və intizam gələcək üçün ümidverici mənzərə yaradırdı.

Günün ikinci yarısında isə futbolun daha fərqli atmosferinə – rəsmi qarşılaşmaya şahidlik etdik. Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edirdi. Stadionda azarkeşlərin fəallığı dərhal hiss olunurdu. Oyunun ilk dəqiqələrindən etibarən hər iki komanda təşəbbüsü ələ almağa çalışır, meydanda gərgin mübarizə gedirdi.

Qarşılaşma boyu həm “Qəbələ”, həm də “Araz-Naxçıvan” qol epizodları yaratmağı bacardı. Xüsusilə ikinci hissədə oyun daha açıq və sürətli keçdi. Komandaların riskə getməsi tempin artmasına səbəb oldu. Nəticədə tərəflər hərəyə bir dəfə fərqlənərək meydandan 1:1 hesablı heç-heçə ilə ayrıldılar. Hesab oyunun ümumi axarını əks etdirən nəticə kimi yadda qaldı.

Beləliklə, Qəbələdə keçirdiyim bir gün Azərbaycan futbolunun iki fərqli tərəfini eyni anda müşahidə etməyə imkan verdi. Bir tərəfdə gələcəyin ümidləri olan gənclərin ciddi hazırlığı, digər tərəfdə isə Premyer Liqada davam edən rəqabət və mübarizə. Bu paralellik isə göstərir ki, ölkə futbolunda həm bu gün, həm də sabah üçün işlər davam edir və proses sistemli şəkildə irəliləyir.

Müxbir – Cavid Əliyev
Seçilən
45
1
azertag.az

2Mənbələr