AZ

2 gündə 90 cinayət açıldı, 61 axtarışda olan saxlanıldı – FAKTLAR  

Son iki gün ərzində qeydə alınmış 90 cinayətin, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, aprelin 25-i və 26-da ölkə ərazisində polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ciddi nəticələr əldə olunub.

Belə ki, axtarışda olan şəxslərin tutulması istiqamətində də əməliyyatlar davam etdirilib. Ümumilikdə 61 nəfər saxlanılıb ki, onlardan 30-u borclu şəxs qismində axtarışda olanlardır. Hesabat dövründə narkotiklərlə mübarizə sahəsində 39 fakt aşkarlanıb. Bundan əlavə, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan daha 10 nəfər də saxlanılıb. Eyni zamanda, əməliyyatlar zamanı ümumi çəkisi 7,5 kiloqramdan artıq narkotik vasitə və 18 min 85 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Qanunsuz silah dövriyyəsinə qarşı mübarizə çərçivəsində paytaxt və bölgələrdə 1 avtomat, 1 tapança, 6 tüfəng və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 11 nəfərin yeri müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.

Piyadavurma – diqqətsizliyin ağır nəticəsi

Bu gün Baş Dövlət Yol Polisi İdarəsi piyadaların yol hərəkətində davranışına xüsusi diqqət çəkərək xəbərdarlıq edib. Bildirilib ki, piyadavurma hadisələrinin əsas səbəblərindən biri məhz qaydalara əməl olunmamasıdır. Xüsusilə çoxzolaqlı və yüksək sürətli yollarda piyada keçidlərindən istifadə etmədən yolu keçmək həyati risk yaradır. Qeyd olunur ki, bu cür ağır qəzalar təsadüfi deyil, məsuliyyətsizlik və qayda pozuntularının nəticəsidir. DYP bir daha piyadalara müraciət edərək onları yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırıb: “Yolda təhlükəsizlik hər kəsin özündən başlayır”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr