AZ

Alimlər insanlığın mənşəyi tarixini yenidən yazıb

Alimlər insanın mənşəyi ilə bağlı ən sadə nəzəriyyələrdən birini sual altına alıblar: bütün müasir insanların Afrikada tək bir "ilk əcdad" populyasiyasından gəldiyi fikri...

Poliqon xəbər verir ki, bu barədə Science Daily yazır.

Alimlər nə aşkar edib?

Kaliforniya Universitetinin antropologiya professoru və Genom Mərkəzinin rəhbəri Brenna Hennin iştirakı ilə aparılan 2023-cü il tədqiqatında alimlər müasir Afrika populyasiyalarının genetik materialını və erkən Homo sapiens qalıqlarını müqayisə ediblər. Nəticədə insan təkamülü üçün klassik "ağac" modeli əvəzinə bir-biri ilə sıx bağlı budaqlardan ibarət şəbəkə modelinə bənzər ssenari ortaya çıxıb.

Qeyd olunur ki, Homo sapiens növünün Afrikada yarandığı ümumi qəbul edilir. Lakin erkən insan qruplarının necə ayrıldığı, köç etdiyi, yenidən birləşdiyi və bir-birinə necə təsir göstərdiyi hələ də mübahisəlidir.

Henn bildirib: "Bu qeyri-müəyyənlik fosil və qədim DNT məlumatlarının məhdudluğu ilə bağlıdır. Yeni tədqiqat növün mənşəyi ilə bağlı anlayışı dəyişir".

Tədqiqat çərçivəsində alimlər Afrikanın cənubu, şərqi və qərbindən olan genom məlumatlarını təhlil ediblər. Xüsusilə Namibiyanın cənubundakı nam xalqına məxsus 44 yeni genom ardıcıllığı araşdırılıb. Bu icma yüksək genetik müxtəlifliyi ilə tanınır.

Nümunələr 2012–2015-ci illərdə kəndlərdə yaşayan insanlardan tüpürcək götürülərək toplanıb. Bu məlumatlar insan mənşəyinin tək bir mənbəyəmi, yoxsa daha geniş və əlaqəli bir sisteməmi əsaslandığını müəyyən etməyə kömək edib.

Tədqiqatın əsas nəticələrindən biri budur ki, müasir insan populyasiyalarında izlənilə bilən ən erkən genetik ayrılma təxminən 120 000–135 000 il əvvəl baş verib. Bundan əvvəl isə bir neçə Homo qrupunun uzun müddət gen mübadiləsi apardığı ehtimal olunur.

Alimlərin fikrincə, müasir insanların kökləri tək bir izolyasiya olunmuş qrup deyil, davamlı gen axını ilə bir-birinə bağlı çoxsaylı populyasiyalardan ibarət olub. Bu "şəbəkə modeli" insanın genetik müxtəlifliyini daha yaxşı izah edir.

Kaliforniya Universitetinin professoru Tim Uiver bildirib ki, bu nəticələr əvvəlki izahların yenidən nəzərdən keçirilməsini tələb edir.

Tədqiqat həm də göstərir ki, müasir insan populyasiyaları arasındakı genetik fərqlərin yalnız 1–4%-i bu qədim populyasiyalar arasındakı fərqlərlə izah olunur. Bu isə insan mənşəyinin daha mürəkkəb və geniş yayılmış olduğunu göstərir.

Sonrakı araşdırmalar

2024-cü ildə Nature Ecology & Evolution jurnalında dərc edilən tədqiqat Afrikanın ən cənub hissəsində 9000 illik genetik davamlılıq olduğunu göstərib. 2025-ci ildə Nature jurnalında yayımlanan başqa bir araşdırma isə 10 200 ildən 150 il əvvələ qədər yaşamış 28 qədim insanın genomunu analiz edib və onların genetik müxtəlifliyinin müasir insanlardan belə daha geniş ola biləcəyini ortaya qoyub.

Bütün bu nəticələr ümumi bir fikri gücləndirir: insanın mənşəyi tək bir hadisə və ya bir yerdə baş verməyib, əksinə Afrikada uzun müddət qarşılıqlı əlaqədə olan çoxsaylı populyasiyaların nəticəsidir.

İnsanların neandertallarla əlaqəsi

Əvvəllər İsraildəki Tinshemet mağarasında aparılan tədqiqatlar göstərib ki, Homo sapiens və neandertallar yalnız qonşu deyil, həm də texnologiya, alət düzəltmə və mədəniyyət baxımından aktiv şəkildə bir-birinə təsir göstərib.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr