AZ

Azərbaycan-Ukrayna əlaqələri əməkdaşlıq, iqtisadi münasibətlər və qarşılıqlı maraqlara əsaslanıb

Azərbaycanla Ukrayna arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq daha çox humanitar müstəvidə inkişaf etdirilir. Bu yanaşma təsadüfi deyil və Azərbaycanın dövlət siyasətindən irəli gəlir. Azərbaycan tarixən münaqişələrdən zərər çəkmiş ölkə kimi bu cür vəziyyətlərdə olan xalqlara dəstək göstərməyi özünün mənəvi borcu hesab edir.

Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş bir ölkə kimi müharibənin doğurduğu humanitar fəsadları dərindən anlayır. Məhz bu səbəbdən rəsmi Bakı müxtəlif regionlarda, o cümlədən Ukraynada yaşayan insanlara humanitar yardımlar göstərir. Bu yardım yalnız maddi dəstək deyil, həm də sosial və psixoloji dəstəyi əhatə edir.

Humanitar əməkdaşlığın ən mühüm istiqamətlərindən biri müharibədən zərər çəkmiş uşaqların reabilitasiyasıdır. Onun sözlərinə görə, müharibənin ən ağır psixoloji zərbəsini məhz uşaqlar alır və bu, onların gələcək həyatına ciddi təsir göstərir. Artıq bir neçə ildir, Ukraynadan olan uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində uşaqlar həm tibbi, həm də psixoloji dəstək alır, eyni zamanda sosial mühitə adaptasiya imkanları əldə edirlər. Yaxın perspektivdə ukraynalı tələbələr üçün də analoji proqramların həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər iki ölkə arasında humanitar körpülərin daha da möhkəmlənməsinə xidmət edir.

Yeri gəlmişkən, xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə Azərbaycan Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, son illərdəki ağır bir dövrdə Ukrayna Azərbaycandan 11 yardın paketi alıb və Azərbaycana  bu yardıma görə öz təşəkkürünü bildirib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb”.

Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış vəziyyət mülki əhali üçün ciddi çətinliklər yaradıb. Xəstəxanalar, sosial obyektlər və yaşayış məntəqələri elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Bu kontekstdə Azərbaycan Ukraynaya elektrik generatorları göndərməklə humanitar dəstəyini davam etdirir. Bu addım insanların gündəlik həyatının təmin olunmasına və xüsusilə həssas qrupların qorunmasına xidmət edir. Bu cür praktiki yardımlar Azərbaycanın dost və tərəfdaş ölkələrə münasibətdə sərgilədiyi səmimi yanaşmanın göstəricisidir.

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasətini milli maraqlar əsasında formalaşdırır. Ölkənin ikitərəfli və çoxtərəfli əlaqələri heç vaxt üçüncü tərəflərə qarşı yönəlmir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır və bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Bu prinsiplərə riayət olunmadığı halda dünyada sabitlik və təhlükəsizlik mümkün deyil. Azərbaycan isə bu məsələnin əhəmiyyətini öz tarixi təcrübəsindən yaxşı bilir.

Azərbaycan Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə hər hansı formada iştirak etmir, bu müharibədən tamamilə uzaqdır. Onun sözlərinə görə, rəsmi Bakı bu münaqişənin yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəkləyir. Azərbaycan regionun diplomatik mərkəzlərindən biri kimi gələcəkdə sülh danışıqları üçün platforma rolunu oynaya bilər. Azərbaycanın balanslı və obyektiv mövqeyi bu istiqamətdə etibarlı vasitəçi kimi çıxış etməsinə imkan verir.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə Azərbaycan Prezident İlham Əliyevlə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. O bildirib ki, Rusiya tərəfi də razı olarsa, belə bir görüşün Azərbaycanda keçirilməsi mümkündür.

Zelenskinin bu bəyanatı Azərbaycanın balanslı, obyektiv və neytral mövqeyə malik olmasının növbəti təsdiqidir.

Azərbaycanla Ukrayna arasında münasibətlər hər iki tərəfin maraqlarına uyğun inkişaf etdirilir. Azərbaycan eyni zamanda Rusiya ilə də əlaqələri inkişaf etdirir. Bir müddət əvvəl iki ölkə arasında yaşanan gərginlik də artıq aradan qaldırılıb. Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik münasibətləri iki ölkənin maraqlarına xidmət edir. Azərbaycan dost saydığı ölkələr arasında münasibətlərin inkişafına çalışır, buna dəstək göstərir. Onun sözlərinə görə, bu, rəsmi Bakının yürütdüyü xarici siyasətin təməl prinsiplərindən birini təşkil edir.

Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi əməkdaşlıq da mühüm yer tutur. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Azərbaycanın enerji layihələri geniş coğrafiyanı əhatə edir və bu təcrübə Ukrayna ilə əməkdaşlıqda da istifadə oluna bilər. SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu, həm biznes münasibətlərinin genişlənməsi, həm də enerji sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenki ilə mətbuata birgə bəyanatında müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edib. Dövlət başçısı vurğulayıb ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var.

Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı maraqlar və dostluq prinsipləri əsasında inkişaf edir. Humanitar sahədə atılan addımlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan gələcəkdə də Ukrayna ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 

Seçilən
1
1
veteninfo.az

10Mənbələr