Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
prof. Ramazan SİRACOĞLU
Bən hər yılda bir, mayısa pək çox ümidlər bağlarım;
Hər gələcək mayıs üçün nisan ağlar, bən ağlarım...
1991-ci ilin sonundan siyasi mövcudiyyəti sonlandırılmış SSRİ adlı dövlət tarixdə xalqlara və şəxslərə tətbiq etdiyi kütləvi repressiya ilə xatırlanacaqdır. Tərəddüdsüz qeyd edə bilərik ki, 10 iyul 1934-cü ildən 15 mart 1946-cı ilə qədər fəaliyyət göstərmiş SSRİ-nin NKVD ( Народный Комиссариат Внутренних Дел- Daxili İşlər Xalq Komissarlığı ) orqanı 1937-1938-ci illərdə keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Azərbaycan SSR-də, tüğyan etmiş kütləvi repressiyanın birmənalı şəkildə təşkilatçısı və şəriksiz icraçısı olmuşdur.
1937-ci ilin 3 iyunundan 4 iyununa keçən gecə o zamankı Kommunist küçəsi 27-nin önündə xalq arasında “çornı varanok” (QAZ-M1 ) kimi tanınan maşın dayandı. Maşındakılar kölgə kimi hərəkət edərək 5-ci mənzilin qapısını döydülər. Mənzilin qapısını hikkəylə döyənlər NKVD əməkdaşları idilər. Dəvətsiz müsafirlər Əhməd Cavadı aparmaq üçün gəlmişdilər. Çekistlərin digər qrupu elə həmin dəqiqələrdə Kommunist küçəsi 8-də Hüseyn Cavidin, Nijni Priyut, 108 ünvanında isə Mikayıl Müşfiqin mənzilində əməliyyat keçirirdilər.
Kommunizm quruculuğu məddahlarının 1925-ci ildən başlatdıqları qarayaxma əməliyyatı onların istədikləri şəkildə sonuclandı. Mətbuatda və radioda dil boğaza qoymadan Əhməd Cavadı, Hüseyn Cavidi, Mikayıl Müşfiqi təhqir edənlər, onlara böhtanlar yağdıranlar, ağır dövləti cinayətdə təqsirləndirənlər, onların ədəbi qabiliyyətini görməzdən gələnlər, xidmətlərini heçə sayanlar, aşkar şəkildə fiziki cəhətdən onları məhv etmək istəyənlər, nəhayət ki, öz arzularına çatdılar. İndi rahat ola bilərdilər. Daha nə Cavid, nə Cavad, nə də Müşfiq onlara rəqib ola biləcəkdi. Yaxşı ki, Cəfər Cabbarlı o məşum günləri görmədi. İkicə il də yaşasaydı NKVD onu da tutub güllələyəcəkdi.

26 sentyabr 1936-cı ildə Nikolay Yejovun sovet xalqının kabus röyası NKVD-yə baş komissar təyin edilməsi ilə bu komissarlıq tədricən dövlət içində dövlətə, fövqəlsəlahiyyətli quruma, qorxunc repressiya maşınına çevrilmişdi. Nikolay Yejovun NKVD-yə rəhbərlik etdiyi iki il iki ay ərzində (26.09.1936— 25.11.1938 ) Sovet İttifaqında NKVD-nin demək olar ki, nüfuz etmədiyi ailə, vahiməyə salmadığı şəxs qalmamışdı. Tam mənada qaniçən, ölkədəki insanlara ürəyində zərrə qədər mərhəmət hissi olmayan, tabeliyində olanlardan ziyalılara qarşı xüsusi amansızlıq və qəddarlıq göstərməyi tələb edən, istintaq altında olanlara ağlagəlməz işgəncələr tətbiq edilməsini əmr edən Nikolay Yejov 1937-ci il tarixində 57788 saylı direktiv imzalamışdı. Bu direktiv “Sovet İttifaqında antisovet türk-tatar millətçi təşkilatlar üzrə operativ iş” adlanırdı (Bax: Директива НКВД СССР № 57788 об оперативной работе по антисоветским тюрко-татарским националистическим организациям, от 1937г.).
1937-ci ilin mart ayından bütün Sovet İttifaqında sözdə antisovetizmə qarşı start götürən kampaniya bu direktivdən sonra geniş vüsət almışdı. Bütün təşkilatlarda, idarə və müəssisələrdə, orta və ali məktəblərdə, elmi qurumlarda antisovetizm izləri axtarılmağa, “xalq düşmənləri”nin ifşasına başlanılmışdı. “Yuxarı”lara və əlaqədar təşkilatlara hər gün “aşağı”lardan çuval-çuval “tələbnamə”lər, “zəhmətkeş siqnalları” daxil olur, “dəmir komissar”dan təkidlə lazımi ölçü götürməyi, “kommunizmə getməyə mane olan siyasi avantüristlərdən ölkəni təmizləməyi” xahiş edirdilər. “Zəhmətkeşlərin haqlı tələbləri”nə “biganə qala bilməyən” NKVD-nin baş komissarı N. Yejov 1937-ci ildə “Keçmiş qolçomaqlar, canilər və başqa antisovet ünsürlərin repressiya edilməsi üzrə əməliyyat” haqqında 00447 saylı əmr vermişdi. (Bax: Об операции по репрессированию бывших кулаков, уголовников и др. антисоветских элементов ). Bu əmrə görə, siyasi düşmənləri dərhal məhv etmək, siyasi rejimi dəyişmək fikrinə düşənləri operativ şəkildə zərərsizləşdirmək məqsədilə sadələşdirilmiş iş üsuluna keçilməsini təmin etmək üçün Sovet İttifaqının bütün müttəfiq respublikalarında “üçlüklər- troykalar” yaradıldı. Azərbaycanda fəaliyyət göstərmiş ilk üçlüyün – “troyka”nın – tərkibi Daxili İşlər Xalq komissarı Y. Sumbatov- Topuridzedən– sədr, Teymur Quliyevdən və Cahangir Axundzadədən ibarət idi.
Azərbaycanda siyasi motivlərlə şübhəli bilinənlərlə NKVD-nin dördüncü şöbəsi məşğul olurdu. Həmin şöbənin rəisi Tsinman Lev Abramoviç adlı bir cəllad idi. Bu şöbə SPO ( Секретно-политический отдел ) – Məxfi Siyasi Şöbə adlanırdı. Bu Məxfi Siyasi Şöbə müstəntiqlərinin arsenalında onların fantaziyasından asılı olan hər cür işgəncə şəkilləri vardı. Qeyd edək ki, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Bəkir Çobanzadə, Salman Mümtaz, Vəli Xuluflu, Abbas Mirzə Şərifzadə və çox sayda digər dəyərli şəxslər məhz bu şöbədə, onun qəddar müstəntiqləri tərəfindən istintaq edilmiş, öz əməllərini “boyunlarına almışlar”. Azərbaycan NKVD-nin SPO adlanan şöbəsində xüsusi qəddarlığı ilə seçilən Qalustyan, Platonov, Klemençiç, Qvozdev kimi cəllad müstəntiqlər iş başındaydılar. Belə qəddarların arasında azərbaycanlı müstəntiqlər də vardı, lakin bilərəkdən onların adını heç xatırlatmaq belə istəmirəm. Həmin müstəntiqlərin sınanılmış istintaq taktikası vardı. Gecə yarısı şöbəyə gətirilənləri ilk öncə bir neçə saatlığına divardakı qutu kimi çox dar, oturmaq mümkün olmayan qaranlıq, dəmir qapılı bokslarda saxlayırdılar. Növbəti gecəyə qədər onlar “unudulurdu”. Sonra boksun qapısı açılır və onlar NKVD nəzarətçilərinin müşayiəti ilə müstəntiqin hüzuruna gətirilirdilər. Bu zaman xüsusi diqqət edilirdi ki, tutuqlananlar koridorda heç kimlə qarşılaşmasınlar. Müstəntiqlər şübhəli saydıqlarını sirayətedici “qırğı komissar” nəzərlərlə süzür, sonra da onların oturmasına icazə verərlərmiş. Ənənəvi “kimsiniz, nəçisiniz, neçə yaşındasınız, ailə tərkibiniz nədir, iş və yaşayış yerinizin adresi necədir” suallarından sonra əsas mətləbə keçər, əzbərlədikləri ifadəni xüsusi vurğuyla söyləyərlərmiş: “Расскажите о своей контрреволюционной деятельности, но знайте, что нам все известно. Вы задержаны как участник контрреволюционной организации. Признаете в этом себя виновным? – Öz əksinqilabi fəaliyyətinizdən danışın, lakin bilin ki, hər şey bizə məlumdur. Siz əks-inqilabi təşkilatın üzvü kimi saxlanılmısınız. Bu işdə günahkar olduğunuzu etiraf edirsinizmi?”
İstintaq materiallarına görə, Əhməd Cavadın istintaqı 5 iyun 1937-də başlayıb və 25 sentyabr 1937-də başa çatıb. Şair istintaqın ilkin mərhələsində ona irəli sürülən ittihamları qəti şəkildə rədd etmişdir. O, əksinqilabi təşkilatlarda iştirak etmədiyini bildirmişdir. (AR arxivi, iş № 12493/24, v. 4–9)
Müstəntiqin “Siz əksinqilabi millətçi təşkilatın üzvüsünüzmü” sualına Əhməd Cavad “Xeyr, mən heç bir əksinqilabi təşkilatın üzvü olmamışam” cavabını verib. İlkin dindirmə protokoluna görə müstəntiqlə Əhməd Cavad arasında belə dialoq olub:
- Müsavat partiyası ilə əlaqəniz olubmu?
- Keçmişdə Müsavat hökuməti dövründə müəllim işləmişəm, lakin təşkilati üzvlüyüm olmayıb.
- Sovet hakimiyyətinə qarşı təbliğat aparmısınızmı?
- Belə fəaliyyətim olmayıb, mən yalnız ədəbi yaradıcılıqla məşğul olmuşam.
- Sizin əsərlərinizdə millətçi ideyalar yayılır. Bunu necə izah edirsiniz?
- Şeirlərim xalqın hisslərini ifadə edir, siyasi məqsəd daşımır.
(AR arxivi, iş № 12493/24, v. 5–7)
NKVD müstəntiqləri istintaq zamanı növbə ilə “qəddar - nəcib” müstəntiq rolları oynayarlarmış. Başqa sözlə, biri şübhəli şəxs qismində dindirilənə işgəncə verirmiş, o biri yox. Bu üsulla şöbəyə gətirilən şəxsin rəğbətini qazanıb onu etirafa təhrik edirlərmiş. Müstəntiqlərin işgəncələrinə dözmək nə nəzəri, nə də təcrübi baxımdan qətiyyən mümkün deyildi. NKVD müstəntiqləri nələr törətməmişlər ki? Tutulanları uzun müddət ayaq üstə saxlamaq, onları yatmağa qoymamaq, ac saxlamaq, su verməmək, döymək, xlorlu suya salmaq, əl və ayaq dırnaqlarına iynə yeritmək, dırnaqlarını çıxartmaq, dişlərini qırmaq, bədən üzvlərini qapı arasında və məngənədə sıxmaq, “lastoçka” adlanan vəziyyətə gətirmək ( şübhəli bilinən şəxsi üz üstə yatırdıb əllərini burub arxadan qandallayaraq ağzına ip keçirib ayaqlarının ucuna bağlamaq), başıaşağı asmaq, papirosla vücudunu yandırmaq, məhrəm yerlərinə zərbələr endirmək və etik baxımdan yaza bilmədiyimiz bir çox alçaldıcı işgəncələr vermək ( bunların arasında ailə üzvlərinə qarşı təhqiramiz hərəkətlər edilməsi, şübhəli qismində olanların analarına, bacılarına, qızlarına və həyat yoldaşlarına qarşı törədilən insanlıqdan uzaq əclaflıqlar da vardır). Müstəntiqlər əvvəlcədən müəyyən olunmuş planı yerinə yetirməyə çalışırdılar. Bu iş onların həm də rütbələrinin artmasına stimul idi. Müstəntiqlər irəli sürdükləri ittihamların qətiyyətlə təkzib edildiyini gördükdə istintaq işinə “fasilə” verirdilər. Əslində isə onlar bu vaxt şübhəli qismində gətirdikləri şəxslərin iş yerlərinə rəsmi müraciət edir, şöbədəki tutuqluların “ifşa”sı üçün əlavə materiala ehtiyac duyduqlarını bildirirdilər.
Bu zaman ittiham olunanlarin çalışdıqları iş yerlərinin “ştatlı işverənlər”inə yerli mətbuatda çıxış etməyə geniş imkanlar yaradılırdı. Orden, medal, rütbə, ad-san qazanmaq üçün fürsət tapdıqlarına sevinənlər də yumub gözlərini açırlardı “gül” ağızlarını. O dövrün mətbuat səhifələrinə (“Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” v.s. ) baxanda sətirlərindən Əhməd Cavada, Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Salman Mümtaza, Vəli Xulufluya, Bəkir Çobanzadəyə və yüzlərlə ziyalıya kin, nifrət, iftira, böhtan püskürənlərin imzaları adamda ikrah hissi doğurur. Yazılarında humanizmdən dəm vuranların ağalarından bir “malades medalı” almaq üçün etdikləri rəzillik çox iyrənc görünür.
Şöbədə tutuqlu qismində saxlanılanlar haqqında lazımi əlavə materiallarla silahlanmış müstəntiqlər bir müddətə “unutduqlarını” təkrar sorğu-suala çəkirdilər. Bu dəfə daha qəddar, daha amansız şəkildə. Müstəntiqlər öz qurbanlarını, sadəcə, iki kateqoriya üzrə istintaq edir və onların sənədlərini təsdiq üçün respublika “troyka”sına-üçlüyünə göndərirdilər. İttiham aktına görə “Axundzadə Cavad Məhəmmədəli oğlu keçmiş müsavatçı kimi Sovet hakimiyyətinə qarşı gizli millətçi fəaliyyət aparmaqda müqəssir bilinmişdir. Təqsirləndirilən Axundzadə Cavad Məhəmmədəli oğlu özünü təqsirli bilmədi və göstərdi ki, əksinqilabi millətçi təşkilatın üzvü olmamışdır.” (AR arxivi, iş № 12493/24, v. 41- 42)
NKVD nəzdində OSO (Osoboye soveşaniye) adlanan Xüsusi Müşavirə fəaliyyət göstərirdi. NKVD rəhbəri ilə SSRİ baş prokuroru ikilikdə respublika “üçlük”lərinin güllələnmə hökmlərini təsdiq və ya rədd edirdilər. N. Yejov və A. Vışinskiy 1937-1938-ci illərdə ikilikdə 21 min 222 məhbusun taleyini həll edən hökmü imzalayıblar. Azərbaycanda keçmiş zamanda, 1911-1923-cü illərdə, “Müsavat”, “İttihad”, “Əhrar” və sair partiyalarla bu və ya digər dərəcədə bağlılığı olanların hamısına, birmənalı şəkildə, güllələnmə cəzası verilmişdi. İ. O. Matuleviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının mütəmadi olaraq yerlərdə təşkil etdiyi səyyar iclaslar məhkumların və vəkillərinin iştirakı olmadan keçirilirdi. Məhkumlara, adətən, güllələnmə hökmü bildirilmirdi. Gecə yarısı onları “etap olunma” bəhanəsilə xüsusi yerə gətirir, həkim müayinəsindən keçirilmək gərəkçəsi ilə soyundurur və əllərini bağlayırdılar. Bir söz soruşmaq istəyəni dərhal “kolotuşka- toxmaq” deyilən iki kiloluq xüsusi çəkiclə və ya tüfəngin qundağı ilə başlarına vurub susdururdular. NKVD-nin başçısı N. Yejovun 00447 saylı əmrinə görə, I kateqoriya üzrə ( yəni, güllələnmə ) üzrə hökmlər NKVD komissarının əvvəlcədən müəyyənləşdirdiyi yerdə, qaydaya uyğun olaraq, güllələnmə yeri və vaxtı tam məxfi saxlanılmaq məcburiyyəti ilə yerinə yetirilirdi.
Sonrakı dövrdə respublika “troyka”sının fəaliyyətini Daxili İşlər Xalq komissarı M. Rayev – sədr, Ağahüseyn Hüseynov və Teymur Yaqubov davam etdirmişlər. Tutulanları iki kateqoriya üzrə - birinci və ikinci kateqoriya üzrə - istintağa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar güllələnirdilər, “bəxti gətirib” ikinci kateqoriyaya düşənlərə isə 8 -10 il həbs cəzası təyin edirdilər. Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən “üçlüklər”ə SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1500, II kateqoriya ilə 3750 məhbus, cəmi - 5250 nəfər cəzalandırılmalı idi. Müstəntiqlərə xəbərdarlıq edilmişdi ki, “plan - qanundur, onu yerinə yetirmək borcdur, planı artıqlaması ilə doldurmaq isə şan-şöhrətdir.” Ona görə də, nəyin bahasına olursa-olsun, müttəhimi sındırıb etiraf etdirmək lazımdır, çünki SSRİ prokuroru A. Y. Vışinskyə görə, “etiraf bütün sübutların şahıdır.”

Sonrakı dindirmələrdə Əhməd Cavadın ifadələrində müəyyən dəyişikliklər müşahidə olunur (AR arxivi, iş № 12493/24, v. 21–23). Bu dəyişikliklər birmənalı şəkildə istintaq təzyiqlərinin, işgəncələrin təsiri ilə olmuşdur. Əhməd Cavadın bədxahları ona “Göygöl” şeirini heç cür bağışlaya bilmirdilər. Şairi 1925-ci ildə də bu şeirə görə bir dəfə həbs etmişdilər. Əhməd Cavad o vaxt həbsdə olanda da Göygöl mövzusunda başqa bir şeir yazmışdı:
Assınlar məni, kəssinlər məni!
Qoy türmələrə bassınlar məni!
Neynirəm könlü, neynirəm dili?
Səndən yazmasam neynirəm əli?!
Nəsən, kimsən sən? Nisgilimsən sən!
Qoy açıq deyim: Sevgilimsən sən!
Borana düşdüm, yüz qana düşdüm!
Adını çəkdim, zindana düşdüm!
Könlüm tel olsun, yaşım sel olsun!
Bu dar qəfəs də qoy Göygöl olsun!...
İstintaq zamanı NKVD müstəntiqi Əhməd Cavadı “Göygöl” şeirinə görə çox incitmişdir:
- Прекратите пиршество, пришедшие, замолчите!” (Müstəntiq “Göygöl” şeirinin “Kəsin eyşi-nüşi, gələnlər susun” misrasını nəzərdə tutmuşdur ) yazmaqla nə demək istəmisiniz?
- Göygölə istirahət adıyla gəlib təbiətə zərər vuran, çığır-bağır salanları tənqid etmək istəmişəm.
- В твоих объятиях есть место для звезды и луны” ( Qeyd olunan şeirin “Qoynunda yer vardır ulduza, Aya” misrası nəzərdə tutulmuşdur) misrasının mənası nədir?
- Ay və ulduzların suda əks olunmasını təsvir etmişəm.
- Məgər göl təkcə Ay və ulduzları əks etdirir, nə əcəb Günəşi yazmamısınız?
- Günəş özü də bir ulduzdur, ona görə onu ayrıca yazmağı lazım bilməmişəm.
Əhməd Cavadın bütün millətlərə sayğısı vardı və, təbii ki, mənsub olduğu türk millətini çox sevir, onu xüsusi vəcdlə tərənnüm etməyi özünə borc bilirdi. Tanınmış türk ədibi Ziya Gökalp (1876- 1924 ) Əhməd Cavadın 1916-cı ildə nəşr olunmuş “Qoşma” kitabını oxuduqdan sonra kitab müəllifinin yüksək ədəbi qabiliyyətini səmimi hisslərlə belə ifadə etmişdir: “Ruslarla savaştığımız sırada Kafkasya'da intişar eden bir şiir mecmuası elimize geçti. “Koşma” isimli bu kitabın nazımı Ahmet Cevat isminde bir Türk'tür. Bu milliyetperver şairin bütün şiirleri, Osmanlı Türklerine, ana vatana, orduya ithaf edilmiştir."
Xatırlatmaq lazımdır ki, Əhməd Cavad Balkan savaşında Osmanlı dövlətinə kömək etmək məqsədilə könüllü şəkildə müharibəyə getmişdir. 1915-ci ildə Azərbaycan xalqı “Müsəlman Cəmiyyəti- Xeyriyyə” xətti ilə o zamanlar ruslar tərəfindən işğal olunmuş Kars, Ərdahan, Sarıqamış, Ərzurum, Trabzon və Batum bölgələrindəki əhaliyə maddi yardım göndərmişdi. Əhməd Cavad Anadoluya yardım aparan həmin xeyriyyə cəmiyyətinin bir qrup üzvü ilə bərabər qeyd olunan bölgələrdə olmuş, valideynlərini itirmiş körpələrin baxım evlərinə yerləşdirilməsi üçün onların Bakıya göndərilməsində böyük xidmətlər göstərmiş, müxtəlif qəzetlərə bölgədəki durum haqqında yazılar yazmış, imkanlı adamları Anadolu xalqına yardıma səsləmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Əhməd Cavad o zamanlarda qəzetlərə göndərdiyi yazılarının bəzilərini soyadının, öz adının və atasının adındakı baş hərflərindən ibarət inisialla— Camo ( Cavad Axundzadə Məhəmmədəli oğlu ) imzalamışdır. Əhməd Cavadın yazıldığı günlərdən etibarən dillər əzbəri olan “Çırpınırdı Qara dəniz” şeiri onun yaradıcılığında qırmızı bir xətt kimi keçir. Şeir başdan sonadək türklüyə böyük sevgi ruhundadır. Bu şeir öz müəllifinə həm şöhrət, həm də şəxsi faciə gətirdi. Əhməd Cavad illər sonra haqqında bəhs olunan şeiri ilə çarizmin imperiya siyasətini fərqli şəkildə sürdürən bolşevizm strateqlərinin qəzəbinə gəldi. Həmin şeirdə belə bir bənd var:
"Həmidiyyə"- o türk qanı,
Yazılmaqla bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı,
Salam Türkün bayrağına.
Bu bənddə Əhməd Cavad Balkan və I Dünya müharibəsində əfsanələşən türk hərbi kreyseri “Həmidiyyə”ni, onun igid dənizçilərinin göstərdiyi hərbi şücaəti tərənnüm etmişdir. “Həmidiyyə qəhrəmanı” adı ilə məşhur olan admiral Hüseyn Rauf Orbayın (1881- 1964 ) əmrində olan, türk bayrağı altında üzən “Həmidiyyə” kreyseri Egey, Mərmərə, Aralıq və Qara dəniz sularında qəhrəmanlıq salnaməsi yazmış, 29 oktyabr 1914-cü ildə Tuapsedə ilk girdiyi dəniz savaşında rusların “Kazbek”, “Şura” və “Prut” gəmilərini məhv etmişdir. Bu xəbəri eşidib vəcdə gələn Əhməd Cavad yuxarıda qeyd olunan misralarla türk donanmasına olan sevgisini dilə gətirmişdir.
İllər sonra, 1937- ci ildə NKVD təcridxanasında müstəntiq Klemençiçin “Почему вы написали: “Пусть Казбек будет первой жертвой, привет турецкому флагу?” ( Siz nə üçün “Kazbek olsun ilk qurbanı, salam Türkün bayrağına” yazmısınız?) sualına Əhməd Cavadın “çarizmə olan nifrətmə görə, çünki “Kazbek” çara xidmət edirdi” cavabı müstəntiqi hiddətləndirmişdi: “Нет, вы так написали только потому, что вы пантюркист” (Xeyir, ona görə belə yazmısınız ki, siz pantürkistsiniz.”).
Doğma vətəni Azərbaycana munis övlad məhəbbəti bəsləyən Əhməd Cavad rəssam təxəyyülü ilə onu 1919-cu ildə belə vəsf etmişdir:
Dağlarının başı qarlı, sinəsi yaşıl ormanlı,
Dərələrin şirin barlı, Azərbaycan! Azərbaycan!
Durna gözlü bulaqların, cənnət kimi yaylaqların,
Geniş-geniş oymaqların, Azərbaycan! Azərbaycan!
Qayaların əlvan mərmər, belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər, Azərbaycan! Azərbaycan!
Troykanın qurama məhkəməsi saxta dəlillərlə və işgəncələrlə Əhməd Cavadı o zamanın cinayət məcəlləsinin 58-ci maddəsinin 10-cu bəndinə görə (Sovet hakimiyyətinin devrilməsinə, sarsıdılmasına və ya zəiflədilməsinə çağırış ehtiva edən təbliğat və ya təşviqat) məhkum etdi. 12 oktyabr 1937-ci ildə həyatını itirən Əhməd Cavad əbədiyyətə qovuşdu. Həyat yoldaşı Şükriyyə xanım Axundzadə isə xalq düşməninin ailə üzvü kimi həbs olunaraq cəza çəkmək üçün vətən xainləri qadınlarının Akmola həbs düşərgəsinə göndərilmiş, Qazaxıstanda 8 il məhbus həyatı yaşamışdır.

Ədəbiyyatımızda özünəməxsus ifadə tərzi, şeir üslubu, milli dəyərlərimizə, şanlı zəfərlərlə dolu olan tarixi keçmişimizə sonsuz sayğısı, parlaq gələcəyimizə sarsılmaz inamı ilə qədirbilənlərin hafizələrində, könüllərində taxt qurmuş unudulmaz Əhməd Cavad haqqında müqtədir qələm sahibləri neçə-neçə sanballı əsərlər yazıblar, çox dəyərli fikirlər bildiriblər. Təbii ki, Əhməd Cavad, haqlı olaraq, bundan sonra da çox əsərlərin ithaf ediləcəyi bir tarixi şəxsiyyət olaraq tədqiqatçıların diqqətində qalacaqdır. Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəçisi və tərənnümçüsü idi. Sovet hüquq sistemi bu “günahı” əsla ona bağışlamazdı, bağışlamadı da. İlahi ədalət də Sovet dövlətini tarixdən sildi. Düşünürəm ki, HKVD-nin Əhməd Cavada atdığı güllə Azərbaycan Xalq Cümhuriyyətinə atılmışdır.

Şəkildə: Əhməd Cavadın tərənnüm etdiyi “Həmidiyyə” kreyseri
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.