“Washington Hilton” otelində baş verən insident zamanı təhlükəsizlik tədbirləri görülərkən bəzi şəxslər masalardakı içkiləri götürməyə başlayıb...
Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbir zamanı baş verən atışma fonunda qeyri-adi hadisə yaşanıb.
Poliqon xəbər verir ki, bu barədə Israel News nəşri məlumat yayıb. Məlumata görə, Ağ Evin müxbirləri üçün təşkil olunan şam yeməyi zamanı tədbirin keçirildiyi “Washington Hilton” otelinin yaxınlığında atəş səsləri eşidilib. Bundan sonra təhlükəsizlik əməkdaşları dərhal tədbir iştirakçılarının təxliyəsinə və ərazinin qorunmasına başlayıblar.
Bildirilir ki, yaranmış qarışıqlıq və panika zamanı bəzi qonaqlar masaların üzərində olan şərab şüşələrini götürərək hadisə yerindən uzaqlaşıblar. Hadisə ilə bağlı yayılan məlumatda qeyd olunur ki, təhlükəsizlik prosedurları davam etdiyi bir vaxtda belə davranışlar qeydə alınıb.
Həmçinin, agentlik tərəfindən yayılan videoda qonaqlardan birinin masadan şərab şüşəsini götürdüyü anlar əks olunub. Hadisənin digər təfərrüatları və atışmanın səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Poliqon.info