AZ

Xalq oyunlarının mahir ifaçısı - 78 yaşlı kəndirbaz

Zaqatala, 25 aprel, AZƏRTAC

Kəndirbazlıq sənəti xalqımızın milli meydan oyunlarından sayılır və onu nəsildən-nəslə ötürən, yaşadan insanlar az deyil.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqataladan olan Rəşid Ələkbərov da xalq sənətini yaşadan və inkişaf etdirən belə sənətkarlardan biridir. Atası Hüseyn Ələkbərovu təkcə ölkəmizdə deyil, cənubi Qafqazda tanıyıblar. Bacı-qardaşları bu sənətlə həyat yoluna başlasalar da sonradan fərqli sahələri seçiblər. Rəşid müəllim Azərbaycanın ən qocaman kəndirbazı kimi bu işini eyni həvəslə davam etdirir.

Rəşid Ələkbərovun evi Zaqatalada Talaçayın sol sahilində yerləşir. Kəndirbazın sözlərinə görə, ona məhz çay sahilində torpaq sahəsi ayırıblar ki, qədim sənəti yaşada bilsin. Həyətinə daxil olanda anlayırsan ki, doğrudan da bura kəndirbazlar yurdudur. Bizi milli geyimdə qarşılayan Rəşid müəllim məşq üçün bir neçə dəqiqəlik möhlət istəyir.

Əslən Şəkinin Qayabaşı kəndindən olan Ələkbərovlar ölkəmizi qarşı-qarış gəzib, bu qədim sənəti yaşadıblar.

Ötən əsrin 90-cı illərində qəza nəticəsində Rəşid müəllim ağır yanıq xəsarətləri alaraq bir gözünün görmə qabiliyyətini itirib. Bu onu sevimli peşəsindən uzaqlaşdırmır. Kəndirbaz atasının ona miras qoyduğu sənəti tələbələrinə də həvəslə öyrədir. Sənətkarın 32 müxtəlif nömrəsi var, onlardan biri kürsü üzərində gəzməkdir. Bildirdiyinə görə, həmin nömrələr içərisində ən çətinidir. Lakin o, bu gün də həmin nömrəni eyni bacarıqla nümayiş etdirə bilir.

“Bizim ailəni sovet dövründən kəndirbaz Ələkbərovlar ailəsi kimi tanınırdı. Atamla yanaşı, 3 bacım və 2 qardaşımla birlikdə çıxış edərdik. Qardaş və bacılarım sonradan ali təhsil alıb başqa sahəni seçdilər. Mən isə ata sənətini davam etdirməyi özümə borc bildim. Gənclik illərimdə beş il Qubadlı rayonun mədəniyyət evində işlədim. Orada bir sirk kollektivi yaratmışdım. Sonra Zaqatalaya gəldim”, - deyən qocaman sənətkar bu dəfə bizə velosipedə minərək kəndirdə gəzdiyi nömrəni nümayiş etdirir.

Nömrələrindən daha birini başa çatdıran Rəşid müəllim elə kəndir üzərində dayanaraq müsahibə verməyə qadir olduğunu bildirir.

“Görürsünüz, kəndir üzərində məcmeyi qoyulub, onun içində bardaş qurub oturmaq lazımdır. Bu, başqalarına çətin gələ bilər, lakin biz bunu ilk gündə olduğu kimi icra edirik”, - deyən Rəşid müəllim nömrəni bir daha nümayiş etdirir.

Söhbət əsnasında onu da öyrənirik ki, 2-3 metr yüksəklikdə olan kəndirbazın əlindəki “sehrli çubuğu” hər zaman izləyicilərin marağına səbəb olub. Qocaman kəndirbaz bu ağacın “ləngər” adlandığını və onun bir neçə növünün olduğunu deyir.

Ustad sənətkarın çıxışları, nömrələri çox olsa da onu yormayaq deyə kəndirdən endiririk. Yaranmış fasilədən istifadə edən Rəşid müəllim Ələkbərovlar ailəsinə bu qədim sənət aləmində hər zaman dayaq olan Heydər Əliyevi unutmadıqlarını, onun əziz xatirəsinə həyətində 500-ə yaxın fotoşəklin nümayiş olunduğu muzey təşkil etdiyini deyir və bu barədə ətraflı danışır.

Qeyd edək ki, Rəşid Ələkbərov hələ SSRİ dövründə Rusiya və başqa respublikalara dəfələrlə səfər edib. Fransaya səfəri zamanı isə 45 günlük konsert proqramı ilə çıxış edib. Kəndirbazlıq sənəti ilə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə, ona ötən əsrin 80-ci illərinin sonunda “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Qocaman sənət adamı evindən həm də “Xalq kəndirbazlar kollektivinin məşq baza”sı kimi istifadə edir. Qızı Ülkər xanımın rəhbərliyi ilə burada 10-a yaxın yeniyetmə və gənc bu qədim xalq sənətinin sirlərinə yiyələnir.

Müxbir - Rasim İslamoğlu

Seçilən
21
1
azertag.az

2Mənbələr