Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya ordusunun Dnepr şəhərinə gün ərzində həyata keçirdiyi kütləvi hücumlar nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 34-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb:
“Gecə saatlarında baş verən dəhşətli hücumun ardınca, düşmən günorta saatlarında eyni yaşayış kvartalına təkrar zərbələr endirib. Son zərbə nəticəsində daha bir nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti orta-ağır olan 15 və 16 yaşlı yeniyetmələr də var. Ümumilikdə gün ərzində baş verən terror aktları nəticəsində 34 nəfər xəsarət alıb ki, onlardan da bir neçəsi uşaqdır. Şəhərdəki 4 mərtəbəli yaşayış binası qismən dağılıb, onlarla müəssisə, mağaza və avtomobil yararsız hala düşüb”.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə sərt reaksiya verib. O bildirib ki, Rusiya adi mülki infrastrukturu və yaşayış binalarını hədəf almağa davam edir:
“Hər bir belə zərbə tərəfdaşlarımıza xatırlatmalıdır ki, vəziyyət dərhal və sərt addımlar atılmasını, Hava Hücumundan Müdafiə sistemlərimizin təcili gücləndirilməsini tələb edir”.
Hazırda şəhərdə xilasetmə və dağıntıların təmizlənməsi işləri davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.