AZ

Uşaqların başına OYUN AÇIRLAR: İmtahan suallarını niyə DİM hazırlamalıdır?

"Azərbaycanda tətbiq olunan imtahan sistemi, Dövlət İmtahan Mərkəzinin (DİM) sual siyasəti və orta məktəb proqramı ilə imtahan tələbləri arasındakı uyğunsuzluq son dövrlər cəmiyyətin ən yaralı yerinə çevrilib. Xüsusilə sualların biliyi ölçməkdən daha çox şagirdi "yıxmağa" və balını kəsməyə xidmət etməsi, təhsil mütəxəssisləri ilə yanaşı siyasi müstəvidə də kəskin etirazlarla qarşılanır."

Musavat.com xəbər verir ki, bu barədə "Ağ Partiya" sədri Tural Abbaslı "Tv Musavat"ın canlı efirində bildirib.

Onun sözlərinə görə, mövcud imtahan sualları şagirdlərin savadını yoxlamaq üçün deyil, süni maneələr yaratmaq üçün nəzərdə tutulub: "İmtahan sualları şagirdin biliyini yoxlamaqdan ziyadə, onun balını kəsmək və ya 'yıxmaq' üçün hazırlanır. Çox sadə bir misal: Azərbaycan bayrağının rəngləri kimi hamıya məlum olan məlumatı suallarda elə qəlizləşdirirlər ki, şagird məntiq yoxlamaq adı altında əslində çaşdırılır. Sən onun IQ-sünü yoxlayırsan, yoxsa öyrəndiyi biliyi? Öyrədilən proqramla imtahan edilən suallar arasında ciddi uyğunsuzluq var".

Partiya sədri qeyd edib ki, DİM-in funksiyaları yenidən müəyyənləşdirilməli və qurumun səlahiyyət dairəsi məhdudlaşdırılmalıdır: "DİM sualları özü hazırlamamalıdır. Onun rolu sadəcə texniki olmalıdır. Təhsil Nazirliyi proqramı və sualları hazırlayıb verməli, DİM isə sadəcə imtahanın təşkilinə, çap işlərinə və nəticələrin hesablanmasına cavabdeh olmalıdır. 'Sualı da mən hazırlayım, kitabı da mən satım' yanaşması kökündən yanlışdır. Bu 'çaşdırıcı sual' məntiqi eynilə sürücülük vəsiqəsi imtahanlarında da var; orada da sürücünün qayda biliyini yoxlamaqdan çox, onu sınağa çəkib balını kəsməyə yönələn suallar qoyurlar".

Tural Abbaslı təhsil naziri Emin Əmrullayevin mövzu ilə bağlı müraciətinə də toxunaraq, bu addımın sistemin problemlərini etiraf etmək mənasına gəldiyini vurğulayıb: "Nazir bir növ 'imdad diləyərək' cəmiyyətə müraciət edib və şagirdlərin öyrədilən biliklərlə imtahan verə bilməməsi fəlsəfəsinin nə dərəcədə düzgün olduğunu sorğulayıb. Nazirin bu mövqe bildirməsi müsbət olsa da, bu, gecikmiş və sistem daxilində hələ də həllini tapmamış bir məsələdir".

Sonda yüksək ballı nəticələrin cəmiyyət üçün faydalılıq dərəcəsini sorğulayan Abbaslı qeyd edib ki, ağır imtahan yükü mütəxəssis yetişdirilməsinə təminat vermir: "700 ballıq sistemin nəticələri şübhə altındadır. Bu qədər yüksək balla universitetə girən gənclər gələcəkdə hansı uğurlara imza atırlar? Bu qədər ağır imtahan sistemi sonda cəmiyyət üçün nə dərəcədə faydalı mütəxəssislər yetişdirir? Bu sistemin fəlsəfəsi dəyişməlidir".

Seçilən
19
musavat.com

1Mənbələr